24Media.az-ın budəfəki müsahibləri həkim Adil Qeybulla və psixoloq Aytən Ələkbərovadır. Onlar fəsil dəyişikliyi zamanı insanlarda yaranan yorğunluqlardan danışıblar.
-İsti havalarda insanlar niyə özlərini yorğun hiss edirlər?

Əgər orqanizmdə maddələr mübadiləsi düzgün işləyirsə, vitamin D və digər vitaminlərin səviyyəsi qaydasındadırsa, insanlar adətən özlərini normal hiss edirlər. Lakin yaz fəslinə keçid zamanı bəzi vitamin çatışmazlıqları və orqanizmdəki digər dəyişikliklər müəyyən qədər yaz yorğunluğuna səbəb ola bilər. Bəzi insanlar isti havalarda özlərini yaxşı hiss etsə də, bəziləri isti havanı daha çətin qəbul edir, bu da onların halsızlıq və yorğunluq hiss etmələrinə səbəb olur. Həmçinin müxtəlif yaş qruplarındakı insanların özlərini yorğun və əzgin hiss etmə səbəbləri fərqlidir. Ümumilikdə, yaz fəslində mövsüm dəyişikliyi ilə əlaqədar olaraq çoxlu insanlarda yorğunluq və əzginlik hissi müşahidə olunur.
Psixoloq Aytən Ələkbərova bu yorğunluğun psixoloji səbəblərindən və onunla mübarizədən danışıb.

Melanxolik vəziyyətə düşən insanlar, xüsusilə yay fəslində günəşin şüalarından və isti hava şəraitindən təsirlənərək özlərini idarə etməkdə çətinlik çəkə bilərlər. Yaz depressiyasının ilkin mərhələsində havanın gözəl və işıqlı olması insanları çaşdıra bilər, lakin bununla yanaşı, psixoloji təsirlər özünü göstərməyə başlayır.
Bu səbəbdən belə vəziyyətdə olan insanlar əvvəlcədən psixi sağlamlıqlarına diqqət etməli və ətraf mühitdən gələn siqnallara qarşı həssas olmalıdırlar. Həyəcan təbilinin çalınması, yəni narahatlıq hissinin artması bu insanlar üçün çox vacibdir. Bunun qarşısını almaq üçün müvafiq qidalanma, sosial əlaqələrdə diqqət və ailə mühitində dəstək çox önəmlidir. Bu cür dəstək insanın psixi immunitetini gücləndirərək, yaranan vəziyyətin fəsadlarının böyüməsinin qarşısını ala bilər.
Yaz depressiyası və melankoliyanı idarə etmək üçün müsbət düşüncə tərzi, fiziki fəaliyyət və sosial əlaqələrin dəstəyi əhəmiyyətlidir. İnsanın psixoloji vəziyyəti nə qədər dəstəklənərsə, həmin vəziyyətin mənfi təsirləri də o qədər az olar. Bu baxımdan, insanlar özlərini əvvəlcədən hazırlamalı, müsbət bir mühit yaratmalı və fəsadların önünə keçməlidirlər.
Çinarə Tarverdiyeva
