Son illərdə adı tez-tez hallanan Xanax əslində uzun müddətdir psixiatriyada tibbi məqsədlə istifadə olunur. Alprazolam adlı təsirli maddəni tərkibində saxlayan bu dərman əsasən narahatlıq, panik atak və bəzi hallarda depressiyanın müalicəsində istifadə edilir.

Xanax nə edir?
Xanax, benzodiazepin qrupuna aid bir dərmandır və beyindəki bəzi kimyəvi maddələrə təsir edərək sakitləşdirici təsir göstərir. Təsirini tez göstərdiyi üçün xüsusilə qəfil yaranan panik ataklarda daha çox istifadə olunur. Qısa müddətdə effektiv olsa da, həkim nəzarəti olmadan istifadə edildikdə asılılıq yaratma riski var.
Kim istifadə edə bilər?
Xanax yalnız psixiatrın dəyərləndirməsi və resepti ilə qəbul edilməlidir. Bəzən yuxusuzluq, güclü stress və ya sosial fobiya kimi hallarda da yazıla bilər. Amma hər kəsin bədən və ruh halı fərqli olduğu üçün, bu dərmanın dozası və nə qədər müddət istifadə olunacağı yalnız həkim tərəfindən fərdi şəkildə təyin edilməlidir.
Əks təsirləri hansılardır?
Xanaxın ən çox rast gəlinən əks təsirləri yuxululuq, başgicəllənmə, diqqəti cəmləməkdə çətinlik və hərəkətlərin koordinasiyasında problemlərdir. Əgər bu dərman uzun müddət və həkim nəzarəti olmadan istifadə olunarsa, orqanizm ona öyrəşə bilər və dərmanı kəsmək çətinləşə bilər. Bu zaman asılılıq, dözümlülük və çəkilmə əlamətləri ortaya çıxa bilər.
Mütəxəssislər Xanaxın "rahatlaşdırıcı" təsirlərinə görə sosial mediada təbliğinin böyük ictimai sağlamlıq probleminə çevrilə biləcəyini söyləyirlər. Məsləhətsiz istifadənin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi, xüsusilə gənclər arasında artan istifadənin diqqətlə izlənilməsi lazım olduğu bildirilir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
