24Media.az-ın budəfəki qonağı həkim diyetoloq, uzunömürlük üzrə ekspert Leyla Zülfüqarlıdır. O, fərdi qidalanma planı, sağlamlığa zərərli olan pəhrizlər və oturaq həyat tərzi keçirən insanların diqqət etməli olduğu məqamlar haqqında danışıb.
-İnsanların metabolizmi fərqlidir, bəs fərdi qidalanma planı necə hazırlanmalıdır?
Ən vacib məqam budur: hər kəsin arıqlama prosesi bir-birindən fərqli olmalıdır. Çünki insanların orqanizmləri müxtəlifdir, xüsusilə, maddələr mübadiləsinin (metabolizmanın) sürəti fərqlidir. Biz buna bazal, yəni "daxili" metabolizma deyirik. Bu göstərici insanlara görə dəyişir. Məsələn, bəzi insanlar yatarkən belə 1300 kalori sərf edə bilir və bu hal adətən kişilərdə müşahidə olunur. Qadınlarda isə sağlam bazal metabolizma adətən 1200 kaloridən aşağı olmur. Əgər ciddi sağlamlıq problemləri varsa, bu rəqəm daha da aşağı düşə bilər. Hətta elə insanlar da var ki, onların bazal metabolizması, demək olar ki, fəaliyyət göstərmir. Buna görə də, biz hər bir şəxs üçün xüsusi müayinə aparırıq – yaşını, cinsini, gündəlik fiziki aktivliyini, keçirdiyi xroniki xəstəlikləri, xüsusilə, genetik və epigenetik göstəricilərini araşdırırıq və bu məlumatlara əsaslanaraq fərdi proqram hazırlayırıq.
-Populyar, lakin sağlamlığa zərərli olan pəhrizlər hansılardır?
Bu kimi pəhrizlərə, xüsusilə, "Mono Diet" deyilir. Lakin bu yanaşma tamamilə yanlışdır. Bəs Mono Diet nədir? Mono Diet zamanı insanlar yalnız bir növ qida ilə qidalanaraq arıqlamağa çalışırlar. Bu isə dietologiya elminin ən əsas prinsiplərindən birinə, yəni balanslı qidalanmaya ziddir. Mono Dietlərdə qida balansı tamamilə pozulur. Məsələn, bir zamanlar dəbdə olan "Dukan pəhrizi" də bu baxımdan səhv idi, çünki burada qidalanma, əsasən, zülal üzərində qurulmuşdu. Ümumiyyətlə, yalnız bir növ pəhrizi seçib hər insana tətbiq etmək doğru deyil. Mənim fikrimcə, vacib olan pəhrizin adı və ya növü deyil, məhz insanın öz fiziologiyasına uyğun şəkildə, ona xüsusi olaraq hazırlanmış fərdi pəhriz planıdır. Doğru yanaşma budur.
-Oturaq həyat tərzi keçirən insanlar nəyə diqqət etməlidirlər?
Oturaq həyat tərzi keçirən insanlar mütləq üç əsas qaydaya diqqət yetirməlidirlər. Birincisi, karbohidrat qəbulunu azaltmalıdırlar, çünki fiziki aktivlik az olduqda artıq karbohidratlar bədəndə piyə çevrilə bilər. İkincisi, maye qəbulunu artırmaq vacibdir. Burada nəzərdə tutulan sadəcə adi su və ya çay deyil, daha çox təmiz (çiy) su və mineral sular olmalıdır. Üçüncü vacib məqam isə gecə saatlarında yemək yeməməkdir. Çünki bu, maddələr mübadiləsini ləngidir və artıq çəkiyə səbəb ola bilər. Bundan əlavə, oturaq həyat tərzi keçirənlər çayla yeməyi eyni anda qəbul etməməli və yüksək kalorili, ağır qidalardan uzaq durmalıdırlar.
Səidə Əsədli