Bu gün:

Arı sancması faydalıdırmı?


Arı sancmasının faydalı olduğuna dair xalq arasında yayılmış inanclar mövcuddur. Arı zəhəri arıların özlərini müdafiə edərkən iynələri vasitəsilə yeritdikləri rəngsiz, turşulu bir mayedir. Tərkibindəki melittin adlı maddə, zəhərin quru çəkisinin 50%-ni təşkil edir və bəzi tədqiqatlarda antiviral, antibakterial və hətta antikanser təsirləri olduğu göstərilib. Bundan əlavə, bəzi fermentlər sayəsində immun sistemini gücləndirə biləcəyi və iltihab səviyyələrini azalda biləcəyi düşünülür. Bəzi araşdırmalar, revmatoid artrit kimi oynaq xəstəliklərində arı zəhəri ilə tətbiq olunan akupunktur müalicəsinin ağrını azaltdığını və hərəkət qabiliyyətini artırdığını göstərir. Hətta bəzi dəri serumlarında da arı zəhərinə rast gəlmək mümkündür, çünki dəridəki iltihabı azalda biləcəyi və sızanaq və ya qırış kimi problemləri yüngülləşdirə biləcəyi düşünülür.  


Lakin, arı zəhərinin bəzi xəstəliklərlə mübarizədə potensial faydaları olduğu düşünülməsinə baxmayaraq, bu mövzuda aparılan tədqiqatların əksəriyyəti ya heyvanlar üzərində, ya da laboratoriya şəraitində həyata keçirilib. Bu səbəbdən, insanlarda dəqiq və təhlükəsiz nəticələr əldə edə bilmək üçün daha çox araşdırmaya ehtiyac var. Bundan əlavə, arı zəhəri müalicələri hər zaman zərərsiz deyil. Xüsusilə allergiyası olan insanlarda anafilaksi kimi ölümcül reaksiyalara səbəb ola biləcəyi üçün mütəxəssis nəzarəti vacibdir. Bəzən dəridə qızartı, qaşınma və ya halsızlıq kimi yan təsirlər müşahidə edilərkən, bəzən də şiddətli ağrı, qusma və nəfəs darlığı kimi ciddi fəsadlar ortaya çıxa bilər.  

Əslində bu sualın cavabı – kimə, necə və hansı dozada tətbiq olunmasından asılıdır. Bəli, arı zəhəri bəzi xəstəliklər üçün ümidverici təbii bir mənbə ola bilər, amma bu, hər arı sancmasının müalicəedici olduğu anlamına gəlmir. Xüsusilə allergik bədənlər üçün ciddi risklər daşıdığını da unutmamaq lazımdır. Yəni sancan arıya yox, bu üsulu tətbiq edəcək mütəxəssisə güvənmək lazımdır. 


Mənbə: Onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et