24Media.az-ın bu dəfəki qonağı Kardioloq Gülanə Ağayevadır. O, perikardit xəstəliyi və onun əlamətləri ilə bağlı suallarımızı cavablandırıb. 
- Perikardit nədir və onun əsas səbəbləri nələrdir?
Ürəyimiz döş qəfəsində ətraf toxumalardan bir zarla ayrılmışdır. Bu zar bir kisə şəklindədir və bu zarın adı perikarditdir. Perikardit həmin bu qişanın iltihabına deyilir. Perikardit xüsusi bir ürək xəstəliyi deyil, orqanizmdə olan hər hansısa bir iltihabi prosesin ürək zarını zədələməsi, iltihablaşdırması nəticəsində əmələ gəlir. Hər hansısa bir virusdan, qripdən sonra perikardit hallarına rast gəlinə bilər, yəni perikarditin əsas səbəbləri orqanizmdə baş verən iltihab prosesləridir.
- Perikarditlə miokard infarktı arasında ağrının fərqləndirici xüsusiyyətləri nələrdir?
Perikardit ən çox miokard infarktı ilə qarışdırılır. Bunun səbəbi isə həm perikarditin həm də miokard infarktının əlamətlərinin, ağrılarının bir-biri ilə oxşar olmasıdır, yəni hər ikisində də döş qəfəsində ağrılar yaranır. Bir oxşar cəhət də odur ki, perikarditdə də miokard infarktında da ürəkdə eyni kardioqrama dəyişiklikləri müşahidə olunur. Məhz bu səbəblərə görə, bəzən miokard infarktı ilə perikardit qarışdırılır. Perikarditin miokard infaktı ilə fərqi budur ki, perikarditdə xəstələr önə doğru əyildikdə ağrılar azalır, ancaq xəstə uzandığı və ya arxaya doğru əyildiyi zamanlar isə perikarditin ağrısı artmağa başlayır, yəni perikarditdə ağrılar bədənin duruşuna görə dəyişir. Miokard infarktında isə ağrılar duruşa görə dəyişmir.
- Perikardit zamanı hansı hallarda xəstəxanaya yerləşdirmə tələb olunur?
Əvvəlcə onu qeyd etmək lazımdır ki, perikardit çox qorxulu bir xəstəlik deyil. Bunun əsas səbəbi onun müalicəyə yaxşı cavab verməsidir. Lakin hər nə qədər müalicə olunması asan olsa da, bəzi hallarda perikardit ciddi fəsadlara səbəb ola və təhlükəli vəziyyətlər yarada bilər. Əgər perikardit zamanı iltihab çox güclüdürsə və bu da ürək ətrafında maye toplanmasına səbəb olursa, bu maye ürəyə təzyiq göstərərək xəstədə narahatlıq yarada bilər. Eyni zamanda, əgər iltihab göstəriciləri (markerləri) yüksəkdirsə, bu halda xəstənin xəstəxana şəraitində müalicə olunması lazım gəlir. Müalicə dövründə isə xəstənin fiziki aktivliyi müəyyən müddətlik məhdudlaşdırılır.
Xüsusi olaraq bunu qeyd etmək istəyirəm ki, perikardit keçirdiyimiz infeksiyon xəstəliklər səbəbindən yarandığı üçün əgər ürəkdə, ürək nahiyəsində ağrı, xüsusilə də bədən duruşuna görə ağrı dəyişirsə, o zaman mütləq şəkildə kardioloqa müraciət edilməlidir. Çünki düzgün müalicə, diaqnoz perikarditin qarşısını ala bilir.
Ayxan Cəfərov
