Yuxunun vacibliyini vurğulayan daha bir səbəb ortaya çıxıb. Yeni bir araşdırmaya görə dərin yuxunun iki əsas mərhələsi – ləng dalğalı yuxu və sürətli göz hərəkətləri (REM) yuxusu yetərli səviyyədə olmadıqda Alzheimer xəstəliyi ilə əlaqəli beyin sahələrində degenerasiya prosesi sürətlənir.

Araşdırmanın baş müəllifi Yale Tibb Məktəbinin Daxili Xəstəliklər fakültəsinin postdoktorantı Qavon Çonun sözlərinə görə, ləng dalğalı və REM yuxusundakı çatışmazlıqlar Alzheimer xəstəliyinin erkən göstəricilərindən olan bəzi beyin bölgələrinin kiçilməsinə səbəb olur.
"Biz müəyyən etdik ki, kifayət qədər ləng dalğalı və REM yuxusu olmayan şəxslərdə aşağı parietal bölgənin həcmi azalır”, – deyə Ço bildirib. "Bu beyin sahəsi vizual-məkan məlumatları daxil olmaqla, sensor məlumatların işlənməsində iştirak edir və bu səbəbdən də xəstəliyin erkən mərhələsində neyrodegenerasiyaya məruz qalır”.
Dərin yuxunun beyindəki rolu
Dərin yuxu zamanı beyin toksinlərdən və ölmüş hüceyrələrdən təmizlənir, eyni zamanda, bədən yeni günə hazırlaşmaq üçün bərpa olunur. REM yuxusunda isə beyin emosiyaları emal edir, xatirələri möhkəmləndirir və yeni məlumatları mənimsəyir. Buna görə də dərin və REM yuxusunun keyfiyyətli olması insanın gündəlik fəaliyyət qabiliyyətinə birbaşa təsir edir.
Böyüklər üçün gündə 7-8 saat yuxu tövsiyə olunur. Yeniyetmələr və uşaqlar isə daha çox yuxuya ehtiyac duyurlar. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə amerikalı böyüklərin üçdə biri kifayət qədər yuxu almır.
Mütəxəssislər bildirirlər ki, böyüklər gecələrinin 20-25%-ni dərin və REM yuxusunda keçirməlidirlər. Yaş artdıqca dərin yuxu müddəti azalır körpələr isə yuxularının təxminən 50%-ni REM fazasında keçirirlər.
Dərin yuxu yuxuya gedən kimi başlayır REM yuxusu isə gecənin sonlarına yaxın daha aktiv olur. Gec yatıb tez oyanmaq bu vacib yuxu mərhələlərində kifayət qədər vaxt keçirməyə mane olur.
Tədqiqatçıların fikrincə daha uzun və fasiləsiz yuxu dərin və REM yuxusunun keyfiyyətini artırır. Yaxşı yuxu gigiyenasına əməl etməklə bu mümkündür:
Hər gün eyni saatda yatmaq və oyanmaq.
Yataq otağının sərin və qaranlıq olmasını təmin etmək.
Səs-küyü azaltmaq və ya sakitləşdirici səslərdən istifadə etmək.
Yuxudan əvvəl spirtli içki qəbulundan çəkinmək.
Mavi işıq mənbələrindən (telefon, kompüter) uzaq durmaq.
Meditasiya, yoga və isti vanna kimi rahatladıcı üsullardan istifadə etmək.
Araşdırmanın nəticələri göstərir ki, yuxunun keyfiyyətini artırmaq üçün heç bir xüsusi dərman yoxdur. Buna görə də hər kəs öz yuxu rejimini yaxşılaşdırmaq üçün səylər göstərməlidir. Əks halda yuxu azlığı uzunmüddətli perspektivdə Alzheimer və digər neyrodegenerativ xəstəliklərə yol aça bilər.
Mənbə: CNN
Tərcümə etdi: Xavər Məmmədli
