Bu gün:

"Bu xəstəlik mütləq cərrahi əməliyyat tələb edir"


24Media.az-ın bu dəfəki qonağı Azərbaycan Tibb Universitetinin Göz xəstəlikləri kafedrasının müdiri, Tibb elmləri doktoru, professor Paşa Qəlbinurdur. O, Katarakta xəstəliyi ilə bağlı suallarımızı cavablandırıb.

Kataraktanın inkişafına təsir edən risk faktorları hansılardır və onların qarşısını almaq mümkündürmü ?

- İnsan hələ ananbətnindəykən ananın keçirdiyi bütün xəstəliklər bətndə olan uşaq üçün gələcəkdə katarakta xəstəliyi üçün risk faktorudur. Ayrıca olaraq bunu demək istəyirəm ki, katarakta göz billurunun bulanması deməkdir. İnsan dünyaya göz açdıqdan sonra keçirdiyi xəstəliklərin çoxu məhz katarakta xəstəliyinin yaranması  üçün risk  yaradır. Həmin xəstəlikərin  peşəkar həkimlər tərəfindən müalicəsi katarakta üçün prafilaktik tədbirdir. Bunlardan əlavə olaraq da Katarakta üçün bir risk faktoru da məhz zərbə, zədədir. Xüsusilə də baş nahiyələr zədələrdən, zərbələrdən  mütləq qorunmalıdır. Ultrabənövşəyi şüaların çoxluğu da bu xəstəlik üçün bir risk faktorudur. Bu deyilənlərdən qorunsaq, kataraktanın risk faktorlarının qarşısı müəyyən qədər alına bilər.

Katarakta ilə digər  xəstəliklər arasında nə kimi əlaqə var ?

-Qeyd etdiyimiz kimi bədəndə olan bütün xəstəliklər  eləcə də sistem xəstəlikləri büllurun şəffaflığını pozmağa yönəlir. Ümumiyyətlə, insanın keçirdiyi bütün xəstəliklər katarakta ilə əlaqəlidir.   Buna nümunə olaraq Şəkər xəstəliyini, yüksək Şəkər xəstəliyini göstərə bilərik. Şəkər xəstəliyinin həddən artıq yüksəlməsi katarakta xəstəliyi ilə nəticələnə bilər.

Kataraktanın erkən mərhələsində görməni yaxşılaşdırmaq üçün hansı alternativ üsullar mövcuddur ?

- Xəstəliyin ilkin mərhələsində oftalmoloqlar müxtəlif vitaminlərin kombinasiyasından ibarət göz damlaları təklif edirlər. Həmin göz damlalarından istifadə kataraktanın inkişafını  müəyyən qədər ləngidir, amma çox təəssüflər olsun ki, bu alternativ üsullar çox nadir hallarda müsbət təsir göstərir. Əksər hallarda  gözdə büllur bulandıqda onun inkişafının qarşısını almaq və yaxud ləngitmək qeyri-mümkün olur, yəni katarakta inkişafda olur və sonda bu xəstəlik cərrahi əməliyyat tələb edir. Bunu da qeyd etmək lazımdır ki, hazırda katarakta cərrahi əməliyyatı tamamilə ağrısız baş tutur. Peşəkar oftalmoloqlar tərəfindən edilən cərrahi əməliyyatlar uğurla nəticələnir. Nəticə olaraqsa, qeyd etmək lazımdır ki, xəstəliyin inkişafının erkən mərhələsində onun qarşısını alternativ üsullarla almaq çox da nəticə vermir. Yəni bu xəstəlik mütləq cərrahi əməliyyat tələb edir.


Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et