24Media.az-ın budəfəki qonağı dermatoloq Tünzalə Əzizlidir. O, eritrazma xəstəliyi haqqında suallarımızı cavablandırıb.- Eritrazma nədir və hansı səbəblərdən yaranır?
Eritrazma Corynebacterium minutissimum bakteriyalarının səbəb olduğu bir dəri infeksiyasıdır. Bu xəstəlik əsasən dərinin nəmli və havasız qalan bölgələrində, xüsusilə qoltuqaltı və ayaq barmaqları arasında meydana çıxır.
Eritrazmanın əsas simptomlarına açıq-qəhvəyi və ya qırmızımtıl ləkələr, dərinin qabıqlanması və çatlaması, eləcə də yüngül qaşınma daxildir. Bu infeksiyanın yaranmasının əsas səbəbi dərinin uzun müddət nəmli qalmasıdır.
- Bu xəstəliyə qarşı qorunma üsulları nələrdir?
Bu xəstəlikdən qorunmaq üçün ilk növbədə dərini quru və təmiz saxlamaq vacibdir. Bundan əlavə, sintetik geyimlərdən çəkinmək və daha çox pambıq kimi nəfəs alan materiallara üstünlük vermək tövsiyə olunur. Həmçinin, tərləməni azaltmaq üçün uyğun vasitələrdən mütəmadi istifadə etmək də infeksiyanın qarşısını almağa kömək edə bilər.
- Bu xəstəliyin müalicə prosesi necə olur və nə qədər müddət davam edir?
Eritrazma xəstəliyinin müalicəsi əsasən iki üsulla – yerli müalicə və sistemli müalicə yolu ilə aparılır:
Yerli müalicə zamanı əsasən antibiotik tərkibli kremlərdən istifadə olunur. Bundan əlavə, benzoyl peroksid və ya antiseptik sabunlarla gigiyenaya düzgün riayət etmək vacibdir.
Sistemli müalicə isə yalnız xəstəliyin ağırlaşdığı hallarda tətbiq edilir və adətən həkim nəzarəti altında antibiotiklər təyin olunur.
Bu xəstəliyin müalicə müddəti, tətbiq olunan müalicənin düzgünlüyündən asılıdır. Əgər müalicə qaydalara uyğun aparılarsa, eritrazma bir neçə həftə ərzində tam sağala bilər.
Ayxan Cəfərov