Xalq arasında “üz ağrısı” kimi tanınan trigeminal nevralgiya, ani və çox güclü ağrı tutmaları ilə özünü göstərən bir sinir xəstəliyidir.

Bu xəstəlik, beynin beşinci siniri olan trigeminal sinirin zədələnməsi nəticəsində yaranır. Ağrı adətən üzün bir tərəfində hiss olunur və üz əzələləri, çənə, dişlər, gözlər və dodaqlara təsir edə bilər.
Trigeminal nevralgiya tutmaları yemək yemək, danışmaq, dişləri fırçalamaq və hətta yüngül meh kimi sadə təsirlər nəticəsində baş verə bilər. Ağrılar adətən bir neçə saniyə davam etsə də, çox şiddətli olur və xəstələrin həyat keyfiyyətinə ciddi şəkildə təsir edir. Bir çox insan əvvəlcə bu ağrıları diş və ya sinus problemi kimi düşündüyü üçün diaqnozun qoyulması bəzən gecikə bilər.
Trigeminal nevralgiyanın səbəbi bilinmədikdə, bu vəziyyət “idiopatik” olaraq xarakterizə olunur.
Patofiziologiyası tam olaraq dəqiqləşdirilməsə də, ehtimal olunan səbəblər bunlar ola bilər:
1. Trigeminal sinirin kökündə zədə;
2. Damar pozuntusuna görə sinirə təzyiq;
3. Beyinciyə gedən sinir liflərinin funksional pozulması;
4. Trigeminal sinirin kökündə və ya yaxınlığında qoruyucu örtüyün (miyelin) zədələnməsi nəticəsində lövhə əmələ gəlməsi;
5. Mərkəzi sinir sistemində zədələnmələr;
6. Trigeminal sistemin müxtəlif hissələrində qan dövranının pozulması (işemiya);
7. Virus mənşəli zədələnmələr;
8. Qonşu kəllə sinirlərinin təzyiqi.
Mütəxəssislərə görə, trigeminal nevralgiyanın səbəbləri arasında sinirin damar tərəfindən sıxılması, dağınıq skleroz kimi nevroloji xəstəliklər və ya şişlər ola bilər. Müalicə üsulları arasında dərmanlarla müalicə, radiocərrahiyyə və daha ağır hallarda cərrahi müdaxilə yer alır.
Erkən diaqnoz və düzgün müalicə ilə xəstələrin ağrılı vəziyyətləri nəzarət altına alına bilər və onların həyat keyfiyyəti xeyli yaxşılaşa bilər. Trigeminal nevralgiya haqqında məlumatlılığın artırılması, erkən diaqnoz və müalicə üçün çox vacibdir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
