Bu gün:

Qəhvə içməyə davam: Kofeinin faydaları və zərərləri


Kofein dünyada ən çox qəbul edilən maddələrdən biridir və əsasən qəhvə vasitəsilə qəbul edilir. Əvvəllər kofein bir növ asılılıq yaradan içki hesab olunurdu, lakin son araşdırmalar bunun əksini göstərir. Elm adamlarının apardığı təxminən 50 araşdırmaya əsasən, müntəzəm və orta miqdarda qəhvə qəbulu ölüm riskini azaldır və yaşa bağlı xəstəliklərin (ürək-damar xəstəlikləri, insult, xərçəng) qarşısını almağa kömək edir. ABŞ Qida və Dərman Administrasiyasına görə, yetkinlər üçün gündə 400 mq-a qədər kofein qəbulu təhlükəsiz hesab olunur.

Qəhvənin sağlamlığa faydaları

Qəhvə antioksidantlarla zəngindir və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər hüceyrələrin yaşlanmasını yavaşladır və xroniki xəstəliklərin yaranma riskini azaldır. Araşdırmalar göstərir ki, müntəzəm qəhvə içənlərdə Alzheimer və Parkinson xəstəliklərinin yaranma riski daha aşağıdır. Bundan əlavə, qəhvə metabolizmi yaxşılaşdırır, insulin həssaslığını artırır və 2-ci tip şəkər xəstəliyinin qarşısını almağa kömək edir. Həmçinin, qəhvə DNT-nin zədələnməsinin qarşısını alaraq hüceyrə sağlamlığını qoruyur.

Kofein asılılığı və yan təsirləri

Kofein asılılıq yarada bilər və onun qəfil dayandırılması baş ağrısı, yorğunluq və əsəbilik kimi simptomlara səbəb ola bilər. Lakin digər stimullaşdırıcı maddələrlə müqayisədə kofein daha təhlükəsizdir və yüksək səviyyədə sui-istifadə riski daşımır.

Bəzi insanlar sağlamlıq səbəbindən kofein istehlakını məhdudlaşdırmalı olur. Məsələn, dekofein qəhvələrin də müəyyən miqdarda kofein ehtiva etdiyi müəyyən edilib.

Çay və qəhvə: Hansı daha faydalıdır?

Qəhvə sürətli enerji və zehni ayıqlıq verir, çay isə daha sakitləşdirici təsir göstərir. Yaşıl çay isə bağırsaq və ürək sağlamlığı üçün daha faydalıdır.

Qəhvə düzgün miqdarda içildikdə bir çox fayda verə bilər. Lakin kofeinin həddindən artıq qəbulu yuxusuzluq, narahatlıq və ürək döyüntüsünün sürətlənməsi kimi mənfi təsirlərə səbəb ola bilər. Əsas odur ki, qəhvəni düzgün miqdarda və sağlam qidalanma ilə balanslaşdıraraq qəbul edəsiniz.

Mənbə: psychology today 

Tərcümə edən: Fatimə Cabbarlı 

Paylaş
Şərh əlavə et