Epilepsiya Nədir?
Epilepsiya, beyində olan sinir hüceyrələrinin qeyri-adi elektro-kimyəvi boşalması nəticəsində yaranan sinir sistemi pozuntusudur. Xalq arasında "sara xəstəliyi" oaraq da bilinir. Beynin normal fəaliyyətini davam etdirməsini təmin edən elektrikin həddindən artıq və nəzarətsiz yayılması nəticəsində yaranır. Qıcolmalardan ibarət bir xəstəlikdir.

Qıcolmalar zamanı adətən huş itkisi baş verir. Eyni zamanda, qıcolma zamanı insanlarda qeyri-iradi əzələ yığılmaları meydana gəlir. Epilepsiya adətən ömür boyu davam etsə də, əgər qıcolmalar düzgün şəkildə nəzarət altına alınarsa, insan normal həyat sürə bilər. Epilepsiya qıcolmalarının müxtəlif növləri var. Bunlar sadə parsiya qıcolma, generalizə olunmuş qıcolma və kompleks parsiya qıcolma olaraq təsnif edilir.
Sadə Parsiya Qıcolma
Sadə parsiya qıcolma, qeyri-adi elektrik aktivliyinin beynin kiçik bir hissəsinə təsir etdiyi zaman baş verir. Qıcolma şüuru təsirləndirmədikdə, insan çox güman ki, sadə parsiya qıcolma keçirir.
Generalizə Olunmuş Qıcolma
Generalizə olunmuş qıcolmalar eyni anda beynin bütün hissələrində meydana gələn qıcolmalardır. Bu qıcolma zamanı insan qəfil sərtləşib yerə yıxılır. Eyni zamanda, insanın bədənində sıxılıb boşalmalar və titrəmələr baş verir.
Kompleks Parsiya Qıcolma
Kompleks parsiya qıcolmalar zamanı huş itkisi baş verir. Bu qıcolma yalnız beynin bir payında yaranır. Kompleks parsiya qıcolmalar zamanı insan qıcolma anında baş verən heç bir hadisəni xatırlamır və həmin anda reaksiya verə bilmir.
Epilepsiya Nəyə Görə Yaranır?
Epilepsiya xəstəliyinin dəqiq bir səbəbi yoxdur, lakin doğuş travması, baş travması, beyin şişi, beyin damar xəstəlikləri, beyin iltihabları və həddindən artıq alkoqol istehlak edən insanlarda daha çox rast gəlinir. Epilepsiya qıcolmaları insan ömrü boyu istənilən vaxt başlaya bilsə də, əsasən 20 yaşından əvvəl və yeniyetməlik dövründə müşahidə edilir.
Epilepsiyanın Əlamətləri Əsasən Bunlardır:
- Nəzarət olunmayan titrəmə və sarsılmalar
- Qollarda və ayaqlarda karıncalanma
- Başın ritmik şəkildə titrəməsi
- Bədənin qəfil sərtləşməsi
- Ətrafda baş verənlərə reaksiya verə bilməmək
- Dejavu hissi (əvvəllər həmin anı yaşamış kimi hiss etmək)
- Qeyri-adi qoxu və dad hallüsinasiyaları
- Ani və tez-tez göz qırpmaq
- Epileptik kriz zamanı huş itkisi, ağızdan köpük gəlməsi, dişlərin sıxılması, dilin dişlənməsi
Epilepsiyanın müalicəsi varmı? Əgər Varsa, necə Tətbiq Olunur?
Epilepsiya xəstəliyinin müalicəsi dərmanlar vasitəsilə aparılır. Epilepsiya müalicəsində insan qıcolmaları dayandırmaq üçün dərmanları balanslı və müntəzəm şəkildə qəbul etməlidir. Müalicə bəzi insanlar üçün ömür boyu davam edə bilər. Bəzi insanlarda isə iyirmi yaşına çatmadan müalicəyə ehtiyac qalmaya bilər. Dərmanlar xəstəliyi tamamilə aradan qaldırmasa da, qıcolmaların azalmasına və onların daha təhlükəsiz keçməsinə kömək edir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova
