Hər kəs yuxu görür, lakin hər kəs bu zehni səyahəti ertəsi gün xatırlamır. Alimlər isə niyə bəzi yuxuların insanlar tərəfindən daha çox xatırladığını dəqiq bilmir. Bunu anlamaq üçün tədqiqatçılar 36 nəfərin beyin fəaliyyətini elektroensefaloqrafiya vasitəsilə qeydə alıblar. Təcrübə zamanı iştirakçılar arxa fonda səslənən musiqilərə qulaq asıblar və ara-sıra öz adlarını eşidiblər. Beyin aktivliyi həm oyaq vaxtı, həm də yuxu zamanı ölçülüb.
İştirakçıların yarısı “yuxuları yüksək dərəcədə xatırlayanlar” kimi təsnif edilib, çünki onlar, demək olar ki, hər gün yuxularını xatırladıqlarını bildiriblər. Digər yarısı isə “yuxuları az dərəcədə xatırlayanlar” idi və onlar yuxularını ayda cəmi bir-iki dəfə xatırladıqlarını söyləyiblər.
Mövcud bir nəzəriyyəyə görə, alfa dalğasının azalması beynin xarici stimullara reaksiya verməkdən çəkindiyini göstərir. Araşdırmalar göstərir ki, insanlar qəfil bir səs eşitdikdə və ya gözlərini açdıqda daha çox beyin bölgəsi aktivləşir və nəticədə, alfa dalğası azalır.
Bu tədqiqatda da gözlənildiyi kimi hər iki qrup oyaq vəziyyətdə adlarını eşidəndə alfa dalğalarında azalma müşahidə edilib. Ancaq yuxuları yüksək dərəcədə xatırlayanların alfa dalğasındakı azalma daha uzun müddət davam edib. Bu da onların adlarını eşidəndə beyinlərinin daha geniş sahələrinin aktivləşdiyinə işarə ola bilər.
Başqa sözlə, tədqiqatçılar bildirirlər ki, yuxularını daha çox xatırlayan insanlar səsləri emal edərkən daha çox beyin bölgəsini işə salırlar. Yuxu zamanı isə alfa dalğası əks istiqamətdə hərəkət edir, yəni qəfil bir səs eşidildikdə artır. Alimlər bunun səbəbini tam dəqiq bilməsələr də, bir nəzəriyyəyə görə, bu proses yuxu zamanı beynin xarici səslərdən müdafiə olunmasına kömək edir.
Tədqiqatda iştirak edənlərin hamısı yuxu zamanı səslərə cavab olaraq alfa dalğasında artım göstərib və bu baxımdan qruplar arasında ciddi fərq qeydə alınmayıb. Lakin tədqiqatçılar bildirirlər ki, ola bilər, yuxuları yaxşı xatırlayan insanlarda alfa dalğasındakı artım o qədər yüksək olub ki, onlar yuxudan oyanıblar.
Gecə ərzində oyaq qalma müddəti
Araşdırma nəticəsində məlum olub ki, yuxuları daha çox xatırlayanlar gecə daha tez-tez oyanırlar. Onlar gecə ərzində orta hesabla 30 dəqiqə oyaq qalıblar, halbuki yuxularını az xatırlayanlar cəmi 14 dəqiqə oyaq olublar. Ümumilikdə, bu nəticələr göstərir ki, yuxuları daha çox xatırlayan insanların beyinləri xarici stimullara, məsələn, səslərə qarşı daha həssasdır və bu onların daha asan oyanmasına səbəb ola bilər.
Mənbə: Live Science
Tərcümə etdi: Arzu Qafarova