Bu gün:

Dəmir çatışmazlığı: Qlobal sağlamlıq problemi


Dəmir çatışmazlığı dünyada ən geniş yayılmış mikronutrient çatışmazlığıdır və təxminən hər üç nəfərdən birində rast gəlinir. Xüsusilə uşaqlar və reproduktiv yaşda olan qadınlar bu problemdən daha çox əziyyət çəkirlər. Dəmir çatışmazlığı hamiləlik dövründə beyin inkişafına mənfi təsir göstərə, aşağı doğum çəkisi və erkən doğum riskini artıraraq ciddi fəsadlara yol aça bilər. Uşaqlarda isə idrak və motor bacarıqlarına, eləcə də emosional və sosial davranışlara təsir edə bilər. Böyüklər üçün dəmir çatışmazlığı əlilliyin əsas səbəblərindən biri hesab olunur.

Elm adamları bu problemin geniş yayıldığını qəbul etsələr də, dəmir çatışmazlığının dəqiq diaqnozu və onun hansı hallarda sağlamlıq üçün təhlükə yaratdığı barədə fikirlər fərqlənir. Xüsusilə qadınlarda menstruasiya və hamiləlik səbəbindən risk yüksəkdir. Vegeterian və ya vegan pəhriz saxlayanlar, davamlı qan donoru və bəzi xroniki xəstəlikləri olanlar da risk qrupuna daxildirlər. Uşaqlar isə sürətli böyümə səbəbilə daha həssas hesab olunur.

Problemin qarşısını almaq üçün balanslı qidalanma vacibdir. Dəmir baxımından zəngin qidalara qaraciyər, qırmızı ət, paxlalılar, çərəzlər və quru meyvələr daxildir. Mütəxəssislər 6-12 aylıq körpələr üçün gündə 11 mq, 1-3 yaşlı uşaqlar üçün 7 mq, 4-8 yaşlı uşaqlar üçün isə 10 mq dəmir qəbulunu tövsiyə edirlər. Bitki mənşəli dəmirin bədən tərəfindən daha az mənimsənildiyini nəzərə alaraq bəzi hallarda dəmir əlavələri tövsiyə olunur.

Megan Rayanın təcrübəsi də bu məsələnin vacibliyini göstərir. O, hamiləlik zamanı dəmir çatışmazlığı yaşamış və sonradan infuziya müalicəsi ilə bu problemi aradan qaldırıb. Onun kimi milyonlarla insan üçün dəmir çatışmazlığı yorğunluqdan tutmuş ciddi sağlamlıq fəsadlarına qədər müxtəlif problemlərə səbəb ola bilər. Buna görə də düzgün qidalanma və müvafiq hallarda tibbi müdaxilə vacibdir.

Mənbə: BBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et