Bu gün:

Hansı bölgədəki sızanaq bizə nəyi göstərir?


Günümüzdə ən çox rast gəlinən dəri xəstəliklərindən biri olan sızanaq yeniyetməlik dövrünün qorxulu yuxusu kimi tanınsa da, əslində böyüklərdə də tez-tez rast gəlinən bir xəstəlikdir. Belə ki, böyüklərin, xüsusilə də 25 yaş və yuxarı qadınların təxminən 20 faizi, başqa sözlə hər 5 qadından biri, sızanaq problemi yaşayır. Genetik, hormonal və ətraf mühit amilləri səbəb olduğu kimi, yanlış vərdişlər də sızanağın artmasına səbəb ola bilər. Sızanaq yüngül dəri problemi kimi görünsə də, ağrılı kistlər və düyünlər dəriyə qalıcı izlər və ləkələr qoyaraq nəticələnə bilər. Dermatoloq Dr. Özlem Akın Çakıcı, hansı bölgədəki sızanağın nəyi göstərdiyini izah edib.


Alın, çənə və ya kürək bölgəsində… Hansı bölgədə nəyi göstərir?


Sızanaq, xüsusilə üz, kürək, sinə və çiyinlərdə rast gəlinən, dəridə yağ ifrazının artması, tük follikullarının tıxanması və bakteriyaların çoxalması nəticəsində yaranan iltihablı bir xəstəlikdir. Sızanaq ağ nöqtələr, qırmızı şişkinliklər və ağrılı kistlər kimi müxtəlif göstəricilərlə müşahidə oluna bilər. Bədəndə rast gəlinən bölgələrə görə sızanağın müxtəlif səbəbləri ola bilər. Məsələn, alın, tüklü dəri və boyun bölgəsində lezyonların nəzərə çarpması follikulların tıxanmasına səbəb olan yağlı saç məhsullarının istifadəsinə, bölgədə mexaniki travma və tərləməyə səbəb olan papaq və dəbilqə kimi aksesuarlara bağlı inkişaf edə bilər.


Çənə bölgəsində cəmləşən lezyonlar qadın xəstələrdə hormonal pozğunluqlara işarə edə bilər. Kürək və yanlar kimi bölgələrdəki müqavimətli sızanaqlarda isə həddindən artıq tərləmə, dərinin nəmli qalması və dar geyimlər ağıla gəlir. Həmçinin peşə səbəbi ilə uzun müddət oturan insanlarda və hərəkəti məhdudlaşdıran narahatlıqlar səbəbindən uzun müddət yataqda olan şəxslərdə basqı altında qalan bölgələrdə və diş müalicəsindən sonra ağız ətrafında mexaniki travmaya bağlı da sızanaq yarana bilir.


Sızanağa qarşı 3 vacib tövsiyə

Sızanağın yaranmasının qarşısını almaq və ya mövcud sızanaqları azaltmaq üçün düzgün dəri baxımına diqqət yetirmək, sağlam qidalanmaq və bəzi yanlış vərdişlərdən uzaq durmaq lazımdır. Sızanağın yaranmasının qarşısını almaq üçün atmalı olduğunuz addımlar:


Düzgün dəri baxım vərdişləri 


– Qələvi sabunlarla və tez-tez dəri təmizliyi etmək dərinin pH balansını dəyişdirərək sızanağın yaranmasında rol oynayan bakteriyaların artmasına, dərinin baryerinin pozulmasına və yağ vəzilərinin daha çox işləməsinə səbəb ola bilər. Buna görə dərinizə uyğun pH dəyərinə malik jel və ya köpük formasında təmizləyici ilə gündə ən çox 2 dəfə yuyun.

– Üzü sərt vasitələrlə ovmaq və ya yumaq mexaniki travma ilə iltihablı lezyonları artıra bilər. Buna görə də dəriyə zərər verən sərt peelinglərdən istifadə etməyin.

– Yağ əsaslı nəmləndiricilər, örtücü xüsusiyyətdə olan pudra, tonal krem kimi kosmetik məhsullar məsamələri tıxayaraq sızanaq yaranmasına səbəb ola bilər. Yağsız, komedogenik olmayan (məsamələri tıxamayan) məhsullardan istifadə edin.

– Quru dəri yağ istehsalını artıra biləcəyi üçün dərini qurutmayın və müntəzəm olaraq su əsaslı məhsullarla nəmləndirin.

– Makiyaj üçün istifadə etdiyiniz fırça və süngərləri mütəmadi olaraq təmizləyin.



Sağlam qidalanma rejimi qurun

– Ağ çörək, düyü, qarğıdalı, kartof, şəkərli içkilər kimi yüksək qlisemik indeksli qidalar insulin səviyyələrini artıraraq dəridə yağ istehsalını artıra bilər. Buna görə də tam taxıllar və tərəvəzlər kimi aşağı qlisemik indeksli qidalar yeyin.

– Sızanaq yaranmasına töhfə verən süd və süd məhsullarını həddindən artıq istehlak etməkdən çəkinin.

– Peynir altı suyu və kazein tərkibli protein tozlarından çəkinin.



Həyat tərzinizi tənzimləyin

– Yuxu çatışmazlığı stress hormonlarının səviyyəsini artıraraq sızanaqları şiddətləndirə bilər. Keyfiyyətli və kifayət qədər yatmağa diqqət edin.

– Kortizol kimi stres hormonları sızanağı tətikləyə biləcəyi üçün stresi idarə etməyə çalışın.

– Makiyaj qalıqları, saç baxım məhsulları və müxtəlif bakteriyaların yığılması səbəbindən yastıq üzünüzü həftədə 1-2 dəfə dəyişdirin.


Mənbə: Hüriyyet

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et