Yeni doğulan körpələrdə təxminən 300 sümük olur, lakin böyüdükcə bu say 206-ya enir. Bunun səbəbi bəzi sümüklərin zamanla birləşərək daha möhkəm quruluşlar əmələ gətirməsidir. Xüsusilə kəllə, onurğa və bilək sümüklərində bu proses daha çox nəzərə çarpır. Məsələn, körpənin kəlləsi doğulduğu zaman bir neçə ayrı sümük parçasından ibarət olur. Bu parçalar beynin böyüməsinə imkan yaratmaq üçün elastikdir, lakin zaman keçdikcə birləşərək bütöv bir struktur əmələ gətirir. Eyni proses əl və ayaq biləklərində də baş verir – uşaqlıqda daha çox sümük hissəsi mövcud olsa da, yetkinlik dövründə onlar qaynaşaraq daha böyük və möhkəm sümüklər yaradır.

İnsan orqanizmi daim yenilənən bir quruluşa malikdir. Uşaqlıq və gənclik illərində sümük toxuması aktiv şəkildə yenilənir, lakin yaş ötdükcə bu proses zəifləyir. Sümük sıxlığı azalmağa başlayır və skelet kövrəkləşir. Bu prosesin əsas səbəblərindən biri onurğa disklərinin maye itirməsidir. Onurğa sütunundakı fəqərələr arasında yerləşən jeləbənzər disklər zaman keçdikcə maye itirir və kiçilir. Nəticədə, həm onurğanın elastikliyi azalır, həm də boyun qısalması müşahidə edilir. Bundan əlavə, oynaq qığırdaqlarının aşınması sümüklərin bir-birinə sürtünməsinə səbəb olur və bu, oynaq ağrıları və hərəkət məhdudiyyəti kimi problemlərə gətirib çıxarır.
Sümüklərin zəifləməsi təkcə xarici amillərlə deyil, genetik faktorlarla da bağlıdır. Məsələn, Verner sindromu kimi genetik xəstəliklər bədənin qocalma prosesini sürətləndirir və sümük toxumasının daha erkən zəifləməsinə səbəb olur. Bundan başqa, sümüklərin əsas struktur elementlərindən biri olan kollagen yaşlandıqca dəyişir və elastikliyini itirir. Bu sümüklərin daha kövrək hala gəlməsinə və mikroskopik çatların yaranmasına səbəb olur. Orqanizm bu çatları əvvəlki kimi tez bərpa edə bilmədiyi üçün yaşlı insanlarda sınıq riski artır.
Skelet sisteminin kövrəkləşməsinin qarşısını almaq üçün sümük sağlamlığına xüsusi diqqət yetirmək vacibdir. Kalsium və D vitamini ilə zəngin qidalar qəbul etmək, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq və sağlam həyat tərzi sürmək sümüklərin möhkəm qalmasına kömək edir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
