Kanadada görmə qabiliyyətini itirən xəstələr üçün ümidverici bir üsul tətbiq edilib. Vancouverdə yerləşən Mount Saint Joseph Xəstəxanasında həyata keçirilən bu əməliyyat gözə diş yerləşdirməklə görməni bərpa etməyə yönəlib. Xüsusi implant hazırlanaraq gözə yerləşdirilir və bu metod ağır kornea korluğu olan xəstələr üçün yeni perspektiv açır. İlkin mərhələdə üç xəstəyə tətbiq olunan prosedur, gələcəkdə daha çox insanın görmə qabiliyyətini bərpa etməsinə kömək edə bilər.
Kanadada ilk dəfə cərrahlar ağır görmə məhdudiyyəti olan xəstələrin gözünə diş yerləşdirməklə onların görməsini bərpa etməyə çalışıblar. "Dişdən göz" əməliyyatı adlanan bu prosedur Mount Saint Joseph xəstəxanasında həyata keçirilib və kornea korluğu olan üç xəstəyə tətbiq edilib.
Kornea gözün ön hissəsində yerləşən şəffaf təbəqədir və işığın gözün daxilinə keçməsini təmin edir. Kornea korluğu zamanı bu təbəqə çapıqlarla örtülərək şəffaflığını itirir və görmənin pozulmasına səbəb olur.
Bu prosedur iki əsas mərhələdən ibarətdir. Birinci mərhələdə zədələnmiş kornea və çapıqlar çıxarılır, onun yerinə isə xəstənin yanaq toxuması yerləşdirilir. Paralel olaraq, implant hazırlanır. İlk olaraq, xəstənin bir dişi çıxarılır, bu diş dördbucaqlı formasında yonularaq içinə optik linza yerləşdirilməsi üçün kiçik bir dəlik açılır. Daha sonra bu diş xəstənin yanaq nahiyəsinə implantasiya edilir və təxminən üç ay müddətində burada qalır. Bu müddətdə dişin ətrafında yeni toxuma yaranır və qan dövranı bərpa olunur.
İkinci mərhələdə isə cərrahlar dişi yanaqdan çıxararaq gözə yerləşdirirlər. Plastik linzanın vasitəsilə işıq gözdə fokuslanır və bunun nəticəsində xəstənin görmə qabiliyyəti bərpa edilir.
Dr. Qreq Moloney "Bu, buzla örtülmüş bir avtomobil şüşəsini dəyişdirməyə bənzəyir", – deyə Vancouver Sun qəzetinə açıqlamasında bildirib.
Dişin gözə yerləşdirilməsi qəribə görünsə də, bu yanaşma məntiqlidir. Dişlər sərt və dayanıqlı olduğu üçün implant uzun müddət istifadə oluna bilər. Üstəlik, xəstənin öz dişi istifadə edildiyindən orqanizmin onu rəddetmə riski azalır.
Moloney CBC Radio-nun "As It Happens" proqramında verdiyi müsahibədə bu prosedurun tamamilə risksiz olmadığını etiraf etsə də, “Retinanın zədələnmə riski yoxdur, çünki xəstənin öz bədənindən götürülmüş bir hissədən istifadə edirik”,– deyə vurğulayıb.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli