Bu gün:

Maksim Qorki kimdir?


Maksim Qorki(1868-1936) məşhur rus yazıçısı olub. Əsl adı Aleksey Moximoviç Peşkovdur. O, yazılarında rusca ağrı, acı mənasını verən Qorkidən istifadə edib.

Qorki Nijini Novqorodda anadan olub. (Bu şəhər sonralar müəllifin xatirəsinə Qorkij adlandırılmışdır.) Qorkinin cəmi 5 yaşı olanda atası vəfat etmiş, anası ikinci dəfə evlənmişdir. Ona görə də Qorki babasının yanına sığınmalı olmuşdu. Rəssam olan babasının işi hər gün pisləşirdi. Bu səbəbdən də, Qorki 9 yaşında ikən çörəkpulu qazanmağa məcbur olmuşdu. Rusiyanın şərq və cənub bölgələrinin hər qarışını dolaşmışdı. Daha sonra vəkillə işləyərkən yazmağı öyrəndi. Özü özünü tərbiyə etməli olduğunu da bilirdi. Bütün qazancını kitablara qoymağa başlamışdı. O, Tbilisidə dəmiryolçu olarkən,oradakı gündəlik qəzetlərin birində bir hekayəsi dərc olundu.

Daha sonra Qorki Tbilisidə jurnalistika ilə maraqlanır və qəzetlərdə işləməyə başlayır. 1895-ci ildə Qorkinin hekayəsi məşhur Peterburq jurnallarının birində dərc olunur. İki il sonra hekayələrini kitab şəklində toplayır.Heç gözləmədiyi anda şöhrət qazanır.

Tənqidçilər onu Tolstoyla eyniləşdirirdilər. Qısa müddətdə yazıçı Rusiyadan kənarda da tanındı. Onun 1903-cü ildə yazdığı "Aşağı dərinliklər" pyesi Almaniyada iki il fasiləsiz oynanılırdı.

1905-ci ildə inqilaba hazırlıq görənlərlə işlədiyi üçün ölkədən sürgün edildi. Amma Qorki də sürgündə çara qarşı tərəf tutdu. 1907-ci ildə Kapridə məskunlaşdı. Leninlə dost oldu. 1913-cü ildə Rusiyaya qayıtdı və Peterburqda jurnal nəşr etməyə başladı. O, bolşeviklərin ideologiyasını qəbul etdi. 

İnqilabdan sonra o, bir növ yeni hökumətin sözçüsü oldu. O, Rusiyada təhsil almış təbəqələrin üzləşdiyi çətinlikləri araşdırıb, onların həlli yollarını tapmağa kömək etdi. 1922-ci ildə səhhəti pisləşdiyi üçün Almaniyaya getməli oldu. Altı ildən sonra məmləkətinə qayıdanda onu gözəl qarşıladılar.

Qorkinin əsərlərini üç əsas bölmədə təhlil etmək olar. İlk əsərləri hekayələridir. Müəllifə şöhrət gətirən bu hekayələr daha çox avaraların həyatından bəhs edirdi. Realist ifadə,romantik mənzərə ilə yazılmışdır. Qorki 1899-cu ildən sonra uzun romanlar yazmağa başladı. Bu romanlarda rus xalqının həyatını realist üslubda təsvir edən müəllif sosial məsələlərə də toxunmuşdur. Lakin bu romanlarda bir nizamsızlıq vardı. Lazımsız yerə uzanan nitqlər, hadisələrin nizam-intizam olmadan, təsadüfi baş verməsi çox vaxt oxucunu darıxdırırdı. 1906-cı ildə artıq Qorki ziyalılara marağını itirməyə başladı. Fəhlə sinfinin dərdlərini düşünürdü. Beləliklə onun “Ana” romanı geniş əks-səda doğurdu. Qorkinin üçüncü dövrü “Uşaqlığım” romanı ilə başlayır. Bu, onun həyatını təsvir edən üç cildlik seriyanın birincisi idi. Qorkinin ən gözəl əsərləri olan bu üç kitabı “Mənim uşaqlığım, mənim dünyam və mənim universitetlərim” 4 ildə tamamlandı.

Mənbə: Nkfu

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et