İsrailli alimlər immun sisteminin əvvəllər bilinməyən bir mexanizmini aşkar ediblər. Onların araşdırmaları göstərib ki, hüceyrələrdəki proteasom adlı quruluş yalnız köhnə zülalları parçalamaqla kifayətlənmir, eyni zamanda bakteriyalar hüceyrəyə daxil olduqda funksiyasını dəyişərək onları məhv edə bilən maddələr ifraz edir.

Tədqiqat "Nature" jurnalında dərc olunub və nəticələr yeni antibiotiklərin tapılması üçün mühüm istiqamət açır. Alimlər bu təbii antibiotikləri laboratoriya şəraitində sınaqdan keçirərək onların bəzi mövcud dərmanlar qədər təsirli olduğunu müəyyən ediblər. Həmçinin proteasom fəaliyyəti zəiflədikdə bakteriyaların hüceyrələrə daha asan daxil olduğu müşahidə olunub.
İmperial Kollec London-un immunoloqu, professor Daniel Davis bu kəşfi "çox maraqlı və fundamental əhəmiyyətli" adlandırıb. King’s College London-un mikrobioloqu Dr. Lindsey Edwards isə insan orqanizminin daxilində belə bir antibiotik mənbəyinin olması faktını "həyəcanverici" hesab edir.
Alimlər yeni antibiotiklərin inkişaf etdirilməsinin zaman tələb etdiyini bildirsələr də, bu kəşf antibiotiklərə davamlı superbakteriyalarla mübarizədə ümidverici bir istiqamət kimi qiymətləndirilir.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
