24Media.az yoqa mütəxəssisi Firuzə Məmmədova ilə silsilə müsahibələrə start verir.
Müsahibimiz bu dəfə yoqa təcrübəsi və yoqanın əhəmiyyəti ilə bağlı sualımızı cavablandırıb.

Firuzə xanım, yoqa ilə məşğul olmağa başlamağınız və yoqanın faydası barədə danışmağınızı istərdik.
– Yoqa həyatım 2018-ci ildən etibarən başlayıb. İlk zamanlar yüngül asanalar və nəfəs texnikaları ilə maraqlanmağa başladım və magistratura imtahanına hazırlaşdığım müddətdə həyatımda bir çox dəyişiklik oldu. Bu dəyişikliklər mental olaraq yorulmağıma səbəb olurdu. Nəticədə isə "mənə nə kömək edə bilər?" – sualına cavab axtaranda yoqanın doğru seçim olacağını düşündüm. Beləliklə, 2023-cü ilin aprel ayında "Kioo Retreat Center"də 280 saatlıq yoqa müəllimliyi təlimini tamamladım. O gündən etibarən yoqa dərslərinin tədrisi ilə məşğul oluram.
Müsahibimiz yoqanın sadəcə fiziki hərəkətlərdən ibarət olmadığını vurğulayıb:
Müasir insan hər şeyi sürətlə yaşamağa çalışır və bu axında özünü unuda da bilir. Yoqa sadəcə fiziki hərəkətlərdən ibarət deyil. Həm bədənə, həm də zehinə təsir edən bir dönüşüm metodudur. Bu, insanın özünə doğru atdığı ən dəyərli addımlardan biridir.
Həvva Cəbrayılova
