
Peyvəndlər müxtəlif xəstəliklərə qarşı immuniteti gücləndirərək onların yayılmasının qarşısını alır. Bəs xərçəng kimi xəstəliklər üçün də peyvəndlər hazırlana bilərmi?
Yeni araşdırmalar və ümidverici nəticələr
Tədqiqatçılar xərçəng əleyhinə peyvəndlərin hazırlanması üzərində işləyir və son araşdırmalar ümidverici nəticələr göstərir. Yale Xərçəng Mərkəzi tərəfindən aparılan bir klinik sınaqda yeni böyrək xərçəngi peyvəndi 9 ağır xəstəni sağalmağa kömək edib. Sınaqda iştirak edən bütün xəstələrdə üç həftə ərzində immun reaksiyası müşahidə olunub və bədənin xərçənglə mübarizə aparan T hüceyrələri uzun müddət aktiv qalıb.
Xərçəng peyvəndi necə işləyir?
Adi peyvəndlər orqanizmi virus və bakteriyalar kimi yad mikroorqanizmlərə qarşı qorumaq üçün hazırlanır. Lakin xərçəng öz hüceyrələrimizdən əmələ gəldiyinə görə, onunla mübarizə daha çətindir. Buna baxmayaraq, xərçəng hüceyrələri sağlam hüceyrələrdən fərqlənən neoantigen adlı molekullara malikdir. Mütəxəssislərin fikrincə, əgər immun sistem xərçəngin bu fərqli molekullarını tanımağı öyrənsə, bədəni bu xəstəliyə qarşı müdafiə etmək mümkündür.
Xərçəng peyvəndləri gələcəkdə nələri dəyişə bilər?
Mövcud araşdırmalar daha çox müalicəvi peyvəndlər üzərində cəmlənib. Bu tip peyvəndlər mövcud xərçəng xəstələrində şişlərin böyüməsini dayandırmağa və ya təkrar yaranmasının qarşısını almağa kömək edə bilər. Bununla yanaşı, alimlər xərçəngin qarşısını alan peyvəndlərin də inkişaf etdirilməsinin mümkün olduğunu düşünürlər.
Mütəxəssislərə görə, immun sistem xərçəngi tanıya bilirsə, gələcəkdə onu əvvəlcədən önləyən peyvəndlərin hazırlanması da mümkün ola bilər. Bu sahədə aparılan araşdırmalar xərçənglə mübarizədə yeni bir dövr açmağa ümid verir.
Mənbə: Opera.news
Tərcümə edən: Fatimə Cabbarlı
