Endokrinologiya və Metabolik Xəstəliklər Mütəxəssisi Prof. Dr. Alper Sönməz ən təhlükəli metabolik xəstəliklərdən biri olan dislipidemiya ilə bağlı mühüm xəbərdarlıqlar edib.

Endokrinologiya və Metabolik Xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Alper Sönməz bildirib ki, "Bu gün piylənmə və şəkər xəstəliyi qədər ciddi bir sağlamlıq problemi də dislipidemiyadır. Qanda yağların (trigliseridlər və xolesterin) normaldan fərqli səviyyədə olması ilə xarakterizə edilən dislipidemiya ürək-damar sağlamlığına ciddi təsir göstərir və müxtəlif xəstəliklərə səbəb ola bilər".
Dislipidemiya erkən diaqnoz qoyulduqda, insan sağlamlığını nəzarətdə saxlamaq və uyğun müalicələrlə sağlam bir həyat sürmək mümkündür. Bu, müalicəsi asan olan metabolik bir xəstəlikdir. Buna görə də, qanınızdakı yağ səviyyəsini mütəmadi olaraq yoxlatmaq faydalı ola bilər.
Prof. Dr. Alper Sönməz açıqlamasında dislipidemiyanın səbəbləri arasında qeyri-sağlam qidalanma və oturaq həyat tərzinin də vacib rol oynadığını vurğulayıb.
Qaraciyər və toxumalar tərəfindən qan dövranındakı lipidləri daşıyan molekulların (lipoproteinlər) yetərincə təmizlənməməsi, dislipidemiyanın ən çox rast gəlinən genetik səbəblərindən biridir. “Bu problem anadan və ya atadan uşağa irsi yolla keçə bilər”, – deyə mütəxəssislər bildirir.
Yetərsiz fiziki fəaliyyət lipid mübadiləsinə mənfi təsir göstərir, qandakı lipidlərin artmasına və onların funksiyalarının pozulmasına səbəb olur. "Bundan əlavə, piylənmə, 2-ci tip diabet, hipotiroidizm, böyrək xəstəlikləri, qaraciyər və öd yolları problemləri, eləcə də tez-tez istifadə edilən bəzi dərmanlar da dislipidemiyaya yol aça bilər", – deyə mütəxəssislər bildirir.
Uşaqlıq dövründə ümumiyyətlə normal olan qan lipidləri yaş artdıqca yüksəlməyə meyllidir. "Bunun əsas səbəblərindən biri qaraciyərdə dövran edən lipoproteinləri təmizləyən reseptorların funksiyasının yaşla birlikdə zəifləməsidir", – deyə bildirilib.
Damar xəstəliklərini artırır:
Dislipidemiyanın damar xəstəliklərinə yol açdığını vurğulayan Prof. Dr. Alper Sönməz bildirib: "Dislipidemiya ateroskleroza səbəb olur və nəticədə normaldan daha gənc yaşlarda ürəyi, beyin damarlarını və ya ayaq damarlarını qidalandıran böyük damarların tıxanmasına yol aça bilər".
Sosial araşdırmalar göstərir ki, dislipidemiya ateroskleroz və əlaqəli xəstəliklərin riskini 30-35% artırır. "Əgər insanlarda ateroskleroza səbəb olan digər risk faktorları, məsələn, siqaret çəkmə, piylənmə, şəkərli diabet, hipertoniya və s. mövcuddursa, xəstəlik daha sürətlə inkişaf edir və infarkt, insult kimi ağır nəticələrə daha çox rast gəlinir", – deyə mütəxəssislər xəbərdarlıq edir.
Dislipidemiya beyin damarlarının tıxanmasına səbəb olaraq insult (vuruş) riskini artıra bilər. "Bununla yanaşı, dislipidemiyanın beyinə başqa mənfi təsirləri də mövcuddur. Yaddaş zəifliyi, diqqət və konsentrasiya pozğunluqları, damar mənşəli demans və Alzheimer xəstəliyinin inkişaf riski bu təsirlər arasındadır", – deyə bildirilir.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə
