Bu gün:

Hüceyrələrimiz daim yenilənirsə, bəs niyə qocalırıq?


İnsan orqanizmi özünü bərpa etmə qabiliyyətinə malikdir. Dərinin hüceyrələri müəyyən aralıqlarla yenilənir, qan hüceyrələri daim dəyişir, orqanlar isə öz funksiyalarını qorumaq üçün bərpa proseslərindən keçir. Lakin bütün bu yenilənmə mexanizmlərinə baxmayaraq, yaş artdıqca dərimiz qırışır, əzələlərimiz zəifləyir, sümüklərimiz kövrəkləşir və xəstəliklərə qarşı daha həssas oluruq.

Qocalmanın əsas səbəblərindən biri hüceyrələrin hər bölünmə zamanı bir qədər də yaşlanmasıdır. Hüceyrələrdə genetik məlumatı daşıyan DNT yerləşir və hər yeni hüceyrə əmələ gələndə bu informasiya köçürülür. Lakin bu proses tam ideal deyil. Zamanla DNT-də xırda səhvlər və mutasiyalar yığılır ki, bu da hüceyrələrin funksionallığını azaldır. Ən mühüm faktor isə telomerlərin qısalmasıdır. Xromosomların ucunda yerləşən bu qoruyucu strukturlar hər bölünmə zamanı bir qədər qısalır. Telomerlər kritik həddə çatdıqda hüceyrələr artıq bölünə bilmir və funksiyasını itirir. Bu da toxumaların yenilənmə sürətini azaldaraq orqanizmin zəifləməsinə səbəb olur.

Bundan əlavə, qocalma təkcə daxili bioloji mexanizmlərlə bağlı deyil, xarici amillər də bu prosesi sürətləndirir. Hava çirkliliyi, radiasiya, zərərli kimyəvi maddələr, qeyri-sağlam qidalanma, stress və pis həyat vərdişləri hüceyrələrin zədələnməsinə səbəb olur. Günəş şüalarına həddindən artıq məruz qalmaq dərinin DNT-sinə zərər verir və erkən qocalmanı sürətləndirir. Alkoqol, siqaret və emal olunmuş qidalar da hüceyrə səviyyəsində degenerativ prosesləri gücləndirir.

Alimlər qocalmanın dəqiq səbəblərini anlamaq üçün müxtəlif nəzəriyyələr irəli sürüblər. Bəzi tədqiqatçılar qocalmanın genetik olaraq proqramlaşdırılmış bir proses olduğunu düşünürlər. Onların fikrincə, orqanizm müəyyən yaş həddinə çatdıqda hüceyrələr tədricən fəaliyyətini dayandırır. Digər nəzəriyyələrə görə isə qocalma təsadüfi DNT zədələnmələrinin və hüceyrələrin bərpa mexanizmlərinin zəifləməsinin nəticəsidir.

Hazırda qocalmanı tam dayandırmaq mümkün olmasa da, bu prosesi ləngitmək üçün müxtəlif üsullar mövcuddur. Sağlam qidalanma, müntəzəm idman, stressin idarə olunması və zərərli maddələrdən uzaq durmaq hüceyrələrin daha uzun müddət sağlam qalmasına kömək edir. Elm inkişaf etdikcə gələcəkdə yaşlanmanı nəzarət altına almaq və bəlkə də, tamamilə dayandırmaq mümkün ola bilər.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et