Oruc həm bədəni, həm də ruhu təmizləyən bir prosesdir. Ramazan ayında orqanizm aclıq və susuzluqla müxtəlif bioloji dəyişikliklərə məruz qalır. Bu ay başladıqda, çoxumuzun ağlına ilk gələn suallardan biri isə oruc tutarkən bədənimizdə nə baş verdiyidir.
Başlanğıc günləri:
Oruc tutmağa başladıqdan təxminən 8 saat sonra bədən son qəbul edilən qidanı tam həzm edir. Bu mərhələdən sonra:
1. Əsas enerji mənbəyi olan qlükoza azalmağa başlayır;
2. Bədən enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdə toplanmış qlikogeni parçalayaraq istifadə edir.
Qlikogen ehtiyatları tükəndikdə, bədən enerji əldə etmək üçün yağ ehtiyatlarını tükətməyə başlayır. Bu proses arıqlamağa kömək edir, qan şəkərini tənzimləyir və maddələr mübadiləsini tarazlaşdırır. Ancaq bu mərhələdə qan şəkərinin düşməsi bəzi narahatlıqlara səbəb ola bilər. Məsələn, baş ağrısı, yorğunluq və diqqət toplamaqda çətinlik yaşana bilər. Bundan əlavə, ağız qoxusu və mədə narahatlığı da bu prosesin ümumi simptomları arasındadır.
3-7-ci gün: Bədən yeni rejimə öyrəşir
İlk günlərdən sonra bədən yeni enerji qaynaqlarına uyğunlaşmağa başlayır:
1. Yağların tükətimi sürətlənir və maddələr mübadiləsi daha balanslı işləyir;
2. Su istifadəsi azaldıqca bədəndə maye itkisi arta bilər ki, bu da yorğunluğa səbəb ola bilər. Balanslaşdırılmış pəhriz kifayət qədər miqdarda karbohidratlar, zülallar və sağlam yağlardan ibarət olmalıdır.
8-15-ci gün: Bədən oruc tutmağa uyğunlaşır
Bu mərhələdə orqanizm orucun təsirlərinə uyğunlaşır və daha səmərəli işləməyə başlayır:
Oruc zamanı həzm sistemi daha az çalışdığı üçün bağırsaqlar istirahət edir və həzm problemləri azalır. Bu dövrdə immunitet sistemi güclənir, orqanizm infeksiyalara qarşı daha dayanıqlı olur. Hüceyrələrin yenilənməsi sürətlənir və bədən toksinlərdən təmizlənməyə başlayır. Mütəxəssislər bu mərhələni orqanizmin detoks prosesinə keçidi kimi izah edirlər.
16-30-cu gün: Yenilənmə və təmizləmə prosesi
Ramazan ayının ikinci yarısında orqanizm tam yenilənmə prosesinə keçir:
Oruc zamanı yoğun bağırsaq, böyrəklər və qaraciyər bədəni toksinlərdən təmizləməyə başlayır. Bunun nəticəsində yaddaş və diqqət qabiliyyəti güclənir, enerji səviyyəsi artır və yorğunluq hissi azalır. Lakin uzun müddətli oruc bədənin enerji əldə etmək üçün əzələ kütləsindən istifadə etməsinə səbəb ola bilər ki, bu da əzələ itkisinə gətirib çıxara bilər. Buna görə də, oruc zamanı balanslı və zülalla zəngin bir qidalanma planı tətbiq etmək vacibdir.
Oruc tutmaq həqiqətən sağlamlıq üçün faydalıdırmı?
Oruc şüurlu şəkildə həyata keçirildikdə sağlamlıq üçün çoxlu faydalar təqdim edir. Bununla belə, daimi və uzun müddətli oruc bədəni gərginləşdirə və mənfi təsirlərə səbəb ola bilər.
Mütəxəssislər, Ramazandan kənar oruc tutmaq istəyənlərə 5:2 üsulunu tövsiyə edirlər. Bu üsulda həftənin 5 günü normal qidalanma davam etdirilir, digər 2 gün isə kalori qəbulu xeyli azaldılır (qadınlar üçün təxminən 500, kişilər üçün isə 600 kalori). Bu metod həm çəki idarəsinə, həm də maddələr mübadiləsinin tarazlanmasına kömək edir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
