24media.az-ın budəfəki qonağı nevroloq Rəna Abbasovadır. O, yuxu rejiminin insan sağlamlığına təsiri və yuxusuzluğun fəsadları haqqında danışıb.
- Yuxusuzluğun insan sağlamlığına uzunmüddətli təsiri nə ola bilər və kimlər bu problemlə daha çox rastlaşırlar?
Yuxu insan orqanizmi üçün çox vacibdir, xüsusilə də gecə yuxusu. Əgər insan gecə kifayət qədər yatmasa və ya vaxtında yatmağa vərdiş etməsə, bu, sağlamlığına ciddi təsir göstərə bilər. Belə hallarda davranış və yaddaş pozuntuları, gərginlik, əsəbilik və unutqanlıq kimi problemlər yarana bilər. Bundan əlavə, yuxusuzluq orqanizmdə hormonal dəyişikliklərə səbəb olur. Məsələn, kortizol hormonunun artması piylənməyə gətirib çıxarır və daxili vəzlərin normal fəaliyyəti pozulur. Uzun müddət yuxusuz qalmaq isə endokrin və ürək-damar xəstəliklərinə, yaddaş zəifliyinə və hətta həyati təhlükəli vəziyyətlərə səbəb ola bilər.
Təcrübəmdə bu problemlə daha çox abituriyentlər və tələbələr arasında, xüsusilə də imtahan öncəsi dövrlərdə qarşılaşıram. Onlar gecə dərs oxumağa üstünlük verirlər, çünki sakit mühitdə daha yaxşı işlədiklərini düşünürlər. Lakin bu vərdiş uzun müddət davam edərsə, yuxusuzluq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan başqa, xroniki xəstəlikləri olan insanlarda da yuxu pozğunluqları tez-tez müşahidə edilir.
– Pasiyentlərinizdə yuxusuzluğun daha çox hansı fəsadları ilə qarşılaşırsınız?
Xroniki yuxusuzluq olan pasiyentlərdə yaddaş pozulmaları, davranış dəyişiklikləri, əsəbilik və daim gərginlik halları müşahidə olunur. Bu şəxslərdə arterial təzyiqin artması və baş ağrıları tez-tez rast gəlinən fəsadlardandır. Xüsusilə şəkərli diabet və hipertoniya xəstələri üçün gecə yuxusunun keyfiyyətsiz olması gün ərzində ciddi sağlamlıq problemlərinə səbəb olur, hətta insult riskini artırır.
Bəzi insanlar iş qrafiki səbəbindən növbəli rejimdə işlədiklərini qeyd edirlər. Əgər bu şəxslər normal istirahət edə bilirlərsə, ciddi fəsadlarla qarşılaşmırlar. Lakin yaşlı insanlarda yuxusuzluq yaddaş və davranış pozuntularına daha çox təsir edir. Ümumiyyətlə, sağlam yuxu rejiminə əməl etmək, orqanizmi gecə dincəltmək və gündəlik ritmi qorumaq sağlamlıq üçün həyati əhəmiyyət daşıyır.
Zeynəb Yunuszadə
