Bu gün:

“Azərbaycanda jurnalist fəaliyyətində yanlışlıqlar”


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi jurnalist, anews.az saytının baş redaktoru Gülnar Nazimqızıdır. O, Azərbaycanda jurnalistlərin fəaliyyətlərində gördüyü səhvlərdən danışıb.

-Azərbaycanda jurnalistlərin fəaliyyətlərində ən çox rast gəldiyiniz səhvlər hansılardır?

-Düşünürəm ki, bu gün istər agentliklərdə, istərsə də saytlarda jurnalistlər tərəfsiz olmağı yaddan çıxarıblar. Məsələn, Azərbaycan ordusu şəhid veribsə, xəbər saytları bunu "hərbçimiz şəhid oldu", "əsgərimiz vəfat etdi" formasında yazırlar. Ancaq bu, tamamilə yanlışdır. Ona görə ki, bu situasiyada jurnalist tərəf saxladığını açıq-aşkar bəlli edir. 

O cümlədən medialar yazılarında "düşmən" anlayışından istifadə etməməlidirlər. Jurnalist ən başdan xəbərini elə çatdırmalıdır ki, qarşısındakı oxucu subyektin "düşmən" olub-olmadığını özü müəyyənləşdirsin. Yəni, bir sözlə, jurnalist elə bir şəxs deyil ki, qarşısındakını manipulyasiya etsin. Belə jurnalistlər hazırda çoxdur. Xəbərin necə yazıldığını və xəbərin strukturunun necə qurulduğunu bilməyən jurnalistlər var. Elə jurnalistlər var ki, xəbərə birbaşa sitat ilə başlayırlar, bu isə yanlışdır. Bəzi ifadələrdən istifadə edirlər: "qeyd edək ki", "xəbər verdiyimiz kimi". Onsuz da materialı yazıya aldıqda fikri qeyd etdiyin üçün əlavə olaraq bu ifadələrdən istifadə etmək yersizdir. Beynəlxalq medialara nəzər yetirsək, bu halların heç birinə rast gəlmərik. Ancaq Azərbaycan mediası sanki özü üçün bir konsepsiya yaradıb və ondan istifadəni davam etdirir. 

Belə bir məqam da var: Məsələn, hər hansısa bir televiziya kanalının jurnalisti küçə sorğusu apardıqda, yaxud məktəbdə bir hadisə baş verdikdə məkanda uşaqları da dindirir. Bu da yanlış addımlardan biridir. Ona görə ki, 18 yaşına kimi uşağın valideyninin icazəsi olmadan onu danışdırmaq jurnalistikanın prinsiplərinə ziddir.  

Bütün bu sadaladıqlarım beynəlxalq medialarda olan qaydalardır. Beynəlxalq mediaların standartlarına görə, xəbər yazılarkən lead, sitat, daha sonra background yazılmalıdır.  Bizdə isə tamamilə fərqlidir. Nə qədər aiddiyatı qurumlar tərəfindən bəzi saytlara bu mövzularla bağlı xəbərdarlıqlar edilsə də, ciddi nəzarət olmadığı üçün kim necə istəyirsə, o cür də yazır".

24Media.az xatırladır ki, 17 may 2023-cü il tarixində Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası tərəfindən oxucunu yanıldan xəbər başlıqları ilə bağlı bəzi saytlara xəbərdarlıq edilmişdi:

"Bunu deməyi vacib hesab edirik ki, belə yanıldıcı və manipulyativ başlıqlarla oxucunu aldatmaq cəhdləri uğursuz manevrdir. Çünki xəbərin sərlövhəsinə aldanan oxucuda həmin başlığı yayan sayta və ümumilikdə, mətbuata inamsızlıq yaranır. Təəssüf ki, bu cür hallar peşəkar jurnalistikaya ciddi zərbə vurur.

Yaxşı olar ki, bu cür yanıldıcı başlıqlarla xəbər yayan mətbuat orqanları İP qazanmaq üçün belə ucuz, qeyri-peşəkar yollara əl atmasın və oxucuları daha ciddi xəbərlər, gərəkli araşdırmalar, reportajlarla cəlb etməyə çalışsın".

Məryəm Abdullazadə


Paylaş
Şərh əlavə et