Uşaqlar rəqəmsal cihazlarla daha çox vaxt keçirir, lakin ekranlardan yayılan mavi işıq onların sağlamlığına düşündüyümüzdən daha çox təsir edir. Axşam saatlarında mavi işığa məruz qalmaq yuxuya getməyi çətinləşdirir, səhərlər yorğun oyanmağa, diqqət və öyrənmə problemlərinə səbəb olur.

Mavi işıq nədir və niyə risklidir?
Mavi işıq təbii günəş işığında mövcuddur və gün ərzində bizi oyaq saxlayır. Lakin axşam saatlarında süni mənbələrdən gələn mavi işıq, xüsusilə uşaqlarda bioloji ritmi pozur. Uşaqların gözləri böyüklərə nisbətən daha həssas olduğu üçün bu işığa qarşı daha müdafiəsizdirlər.
Dr. İsmayıl Hakkı Akbəyaz bildirir ki, mavi işıq melatonin hormonunun ifrazını azaldaraq yuxu rejimini pozur və uzunmüddətli problemlərə – diqqət dağınıqlığı, yaddaş zəifliyi və emosional balanssızlığa səbəb ola bilər.
Ekran istifadəsi yuxuya necə təsir edir?
Yatmazdan 1-2 saat əvvəl ekran istifadəsi beynin "oyaq qal" rejiminə keçməsinə səbəb olur. Bu da yuxuya gec getməyə, yuxunun bölünməsinə və keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.
Mavi işığın uzunmüddətli fəsadları
Yuxuya getmə çətinliyi
Diqqət və öyrənmə problemləri
Emosional dəyişkənlik
Uzunmüddətli sağlamlıq riskləri (piylənmə, immun sistemin zəifləməsi)
Valideynlər nə edə bilər?
Gecə rejimi və mavi işıq filtrlərindən istifadə edin, lakin bunun tam qoruma təmin etmədiyini unutmayın.
Ekran vaxtını məhdudlaşdırın, xüsusilə yatmazdan 1-2 saat əvvəl.
Alternativ fəaliyyətlər təklif edin – kitab oxumaq, oyun oynamaq və s.
Yuxu mühitini yaxşılaşdırın – otağın qaranlıq, sakit və sərin olması vacibdir.
Mavi işığın təsirlərini azaltmaq üçün əsas addım uşaqların ekranla keçirdiyi vaxtı nəzarətdə saxlamaqdır.
Mənbə: TRT haber
Tərcümə etdi: Nərgiz Orucova
