
30-30-30 nə deməkdir və necə həyata keçirilir?
Dietoloq Leanne Ward, davamlı yağ itkisi və hormon sağlamlığı sahəsində ixtisaslaşmış avstraliyalı mütəxəssisdir. O, yaxınlarda sosial şəbəkədə paylaşdığı videoda bədənlərindəki artıq piylərdən xilas olmaq istəyənlər üçün hormon tarazlığını və bağırsaq sağlamlığını yaxşılaşdırmağa kömək edən təsirli bir üsuldan bəhs edib.
Əslində, Leanne-nin 30-30-30 qaydası olduqca sadədir:
1. Gündə 3-4 dəfə 30 qram protein qəbul etmək;
2. Hər gün 30 qram lif qəbul etmək;
3. Həftə ərzində 30 müxtəlif bitki qidası yemək.
Gündə 90-120 qram zülal ilk baxışda çox görünsə də, Leanne hormon problemi olan qadınların arıqlamaq üçün bu miqdarda protein qəbul etməsinin vacib olduğunu vurğulayıb.
Leanne, gündə üç-dörd dəfə 30 qram zülal qəbul etməyin əzələlərə lazımi güc verdiyini, maddələr mübadiləsini sürətləndirdiyini və insanı daha uzun müddət tox saxladığını bildirib.
Leanne, gündə 30 qram lifin tamamilə işlənməmiş qida mənbələrindən gəlməsinin vacib olduğunu vurğulayıb. O bildirib: "Lifi həddindən artıq işlənmiş qidalardan deyil, təbii və işlənməmiş qidalardan almalısınız. Məsələn, paxlalılar, yulaf, toxumlar, qoz-fındıq, tam taxıllar, tərəvəzlər və meyvələr bu baxımdan əla seçimdir. Bu lif sizi tox saxlayır və həzm sisteminizi yaxşılaşdırır".
Nəhayət, həftədə 30 fərqli bitki qidası qəbul etməyin faydalarına toxunan Leanne, bunun bağırsaq sağlamlığını dəstəklədiyini vurğulayıb. O bildirib: "Daha çox bitki müxtəlifliyi, daha yaxşı bağırsaq mikro müxtəlifliyi deməkdir". Bu isə həzm sisteminin balanslı işləməsinə və ümumi sağlamlığın yaxşılaşmasına kömək edir.
Leanne əlavə edib: "Bu, hormonları, həzmi, immunitet sistemini və uzunömürlülüyü yaxşılaşdırır və bəli, hətta arıqlamağa da kömək edir. Siz müxtəlifliyə diqqət yetirdiyiniz zaman, təbii olaraq sağlamlığınıza və hormonlarınıza dəstək olan düzgün seçimlər edirsiniz".
Leanne, xüsusilə son bir neçə kiloqramı itirməkdə çətinlik çəkən qadınların 30-30-30 qaydasını sınamasını tövsiyə edərək, kiçik dəyişikliklərin zamanla böyük nəticələr verdiyini bildirib.
Leanne müntəzəm olaraq sosial media hesablarında effektiv qidalanma və arıqlama üsulları barədə paylaşımlar edir. Bu yaxınlarda etdiyi başqa bir yazıda, o, müştərilərindən birinin qısa müddətdə 9 kilo arıqlamasına kömək edən üç əsas elementi izah edib.
O, müştərisinin illərdir kalori yandırmaq üçün həftədə 6 gün yüksək intensivlikli interval məşqləri (HIIT) etdiyini, lakin bu səbəbdən çox yorulduğunu və daim ac hiss etdiyini bildirib. Leanne izah edib ki, HIIT məşqlərini həftədə iki dəfəyə yendirmək müştərinin aclığını azaldıb, enerji səviyyəsini yüksəltdi və daha yaxşı nəticələr əldə etməsinə kömək edib.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə
