Ağcaqayın suyu nədir?
Ağcaqayın suyu ağcaqayın ağacından çıxan təbii şirədir. Açıq rənglidir və tərkibində cəmi 2% təbii şəkər var, yəni bir az şirin dadı var.
Kanada dünyada ağcaqayın siropunun 80%-dən çoxunu istehsal edir. Bu sahənin mərkəzi Kvebek əyalətidir, çünki burada istehsalın 90%-i həyata keçirilir. Bəzi Kanadalı şirkətlər bu təbii şirəni filtrasiya və pasterizasiya edərək, qazlı və qazsız versiyalarını satışa çıxarır.
Maple3 ağcaqayın suyu istehsal edən qabaqcıl şirkətlərdən biridir. 2013-cü ildə Yannik Lekler və Stefan Nolet tərəfindən qurulub. 2021-ci ildən bəri Maple3-in illik mənfəəti iki dəfə artıb və məhsullarını 12 ölkəyə, o cümlədən, Fransa, Yaponiya, Sinqapur və Cənubi Koreyaya ixrac edir. Satışlarının 75%-i xarici bazarlardan gəlir. Şirkət qazlı, qazsız və meyvə dadlı versiyalar istehsal edir.
Bazarda vəziyyət
2024-cü ildə qlobal ağcaqayın suyu bazarı 506 milyon dollar olub. 2033-cü ilə qədər bu rəqəmin 2,6 milyard dollara çatacağı gözlənilir.
2023-cü ildə kokos suyu bazarı 7,7 milyard dollar olub və 2029-cu ildə 22,9 milyard dollara çatacağı proqnozlaşdırılır.
Sağlamlıq baxımından faydaları
Bəzi mütəxəssislər ağcaqayın suyunun antioksidantlarla zəngin olduğunu və idman sonrası bərpaya kömək etdiyini deyir. Lakin 2019-cu il tədqiqatı göstərib ki, adi sudan daha üstün mayeləşdirmə xüsusiyyəti yoxdur.
Problemlər və həll yolları
Qiymət yüksəkdir: Coca-Cola 1 dollar, ağcaqayın suyu isə 3 dollardır. İnsanlar bir neçə dəfə sınasa da, ucuz içkilərə qayıdır.
Marketinq lazımdır: Böyük içki şirkətlərinin dəstəyi olmadan geniş yayılması çətindir.
Ləzzətli versiyalar daha uğurludur: Karbonatlı və meyvə dadlı versiyalar daha çox satılır.
Gələcək perspektivlər
Ağcaqayın suyunun güclü marketinq və əlçatan qiymətlərlə daha məşhur ola biləcəyi gözlənilir. Qazlı versiyaların uğurlu olması ehtimalı daha yüksəkdir.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
