"Sleepmaxing" sosial mediada populyarlaşan və yuxu keyfiyyətini maksimum yaxşılaşdırmağı hədəfləyən yeni bir sağlamlıq trendidir. Lakin mütəxəssislər bu yeniliyin bəzi tərəfləri barədə ehtiyatlı olmağı tövsiyə edirlər.

Son dövrlərdə yuxu keyfiyyətinə artan maraq bəzi yeniliklərin yaranmasına səbəb olub. Sosial mediada, xüsusilə TikTok-da, yuxunu yaxşılaşdırmaq üçün müxtəlif məsləhətlər paylaşılır. Bu çərçivədə populyarlaşan "sleepmaxing" anlayışı yuxunu optimallaşdırmaq üçün müxtəlif strategiyalar təqdim edir.
Sleepmaxing nədir?
Sleepmaxing, əsasən Z nəsli və minillik nəsli arasında populyar olan bir sağlamlıq trendidir. Bu konsepsiya daha dərin və uzun yuxuya nail olmağa kömək edən strategiyaları əhatə edir. Sleepmaxxing termini, xarici görünüşün yaxşılaşdırılmasına yönəlmiş "lookmaxing" tendensiyası ilə əlaqələndirilir.
Yuxu mütəxəssisi Sammy Margo "Sky News"a açıqlamasında sleepmaxing-in, yuxunu sağlam həyatın əsas hissəsi kimi görənlər arasında bir trendə çevrildiyini bildirib. Onun sözlərinə görə, bu tendensiya strukturlaşdırılmış yuxu rejiminin qurulmasını və yuxu göstəricilərinin izlənilməsini əhatə edir. Bununla belə, yuxu tədqiqatçısı Dr. Neil Stanley bu yanaşmanın bəzən qeyri-sağlam bir "vəsvəsəyə" çevrilə biləcəyini və mənfi təsirlərə yol aça biləcəyini vurğulayıb.
Böyük Britaniyanın dövlət səhiyyə qurumu olan Milli Səhiyyə Xidmətinə (NHS) görə, son illərdə populyarlaşan beş əsas yuxu tendensiyası daha yaxşı qidalanma, fiziki fəaliyyət, meditasiya və məlumatlılığın yuxu keyfiyyətinə müsbət təsir etdiyini vurğulayır. Lakin Z nəsli üçün bu proses daha mürəkkəb görünür.
Son illərdə yuxu üçün bəzi məşhur trendlər bunlardır:
1. Yatmazdan bir saat əvvəl, texnologiyasız istirahət;
2. Daha sərin temperaturda yatmaq;
3. Qaranlıq pərdələr və yuxu maskaları;
4. Ağıllı saatlarla yuxu izləmə;
“Sleepy Girl” kokteyli
Bundan əlavə, son zamanlar populyarlaşan viral trendlərdən biri də "Sleepy Girl" kokteylidir. Maqnezium, albalı suyu və limonaddan hazırlanan bu alkoqolsuz içki, TikTok istifadəçiləri arasında sürətlə məşhurlaşıb. Lakin yuxu elmi və psixologiya üzrə mütəxəssis Dr. Lindsay Browning bu içkinin yuxuya təsiri ilə bağlı elmi sübutların "ümumiyyətlə zəif" olduğunu qeyd edir.
Kivi yemək yuxu keyfiyyətini yaxşılaşdırırmı?
Bundan başqa, bəzi araşdırmalara görə, yatmazdan əvvəl kivi yemək yuxu keyfiyyətini yaxşılaşdıra bilər. Məsələn, bir araşdırmada iştirakçılara yatmazdan əvvəl iki kivi yemək tövsiyə edilib və bu vərdişin yuxuya müsbət təsir etdiyi müşahidə olunub. Bununla belə, bu tədqiqat məhdud bir nümunə üzərində aparıldığı üçün nəticələrin daha geniş araşdırmalarla dəstəklənməsi vacibdir.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə
