Bu gün:

Yaponiyada uzunömürlülüyün sirri


Yəqin ki, yaponların daha uzun ömürlü olduğu barədə deyilənləri eşitmisiniz. Həqiqətən də, Yaponiyada orta ömür müddəti 84.79 ildir və bu, dünyada ikinci ən yüksək göstəricidir. Bəs Yaponiyada uzunömürlülüyün sirri nədir? Genetikadan əlavə, bu təsirli ömür uzunluğuna töhfə verən bir çox şəxsi və sosial amillər mövcuddur. 

1. Yapon mətbəxi 

Yapon mətbəxi təkcə dadı ilə deyil, həm də sağlamlığa faydaları ilə məşhurdur və Yaponiyada uzunömürlülükdə mühüm rol oynayır. Tipik bir yapon yeməyi kiçik porsiyalardan ibarət olur və vitaminlər, minerallar, protein kimi vacib qidalarla zəngindir. Yapon süfrəsində adətən balıq, tofu, dəniz yosunu, düyü, vermişel, ət, süd məhsulları və tərəvəzlərə rast gəlmək mümkündür. Yaponiyanın coğrafi mövqeyi sayəsində istifadə olunan ərzaqlar əsasən mövsümi və təzə olur.

Xüsusilə dəniz yosunu xüsusi diqqətə layiqdir. Yapon mətbəxinin əsas tərkib hissələrindən biri olan dəniz yosunu dünyada asanlıqla tapıla bilər. Sushi üçün istifadə olunan qurudulmuş nori vərəqlərində və ya əlavə yemək kimi təqdim olunan dəniz yosunu A, C, E və K vitaminləri, həmçinin dəmir, yod və omega-3 yağ turşuları ilə zəngindir. Dəniz yosununun qalxanabənzər vəzinin fəaliyyətini dəstəklədiyi və diabet riskini azaltdığı düşünülür ki, bu da ümumi sağlamlıq və uzunömürlülüyə müsbət təsir edir.

2. Çay

Xüsusilə yaşıl çay Yaponiyada gündəlik həyatın ayrılmaz hissəsidir və uzunömürlülüyə mühüm töhfə verir. EGCG ilə zəngin olan yaşıl çay sağlamlığa bir çox faydalar təqdim edir. O, xərçəng və diabet riskini azaltmağa, arıqlamağa kömək etməyə və beyin funksiyasını yaxşılaşdırmağa təsir göstərir.

3. Hərəkət və fəallıq

Qərb idman mədəniyyətindən fərqli olaraq, Yaponiyada formada qalmağın sirri intensiv məşqlərdə deyil, davamlı hərəkətdədir. Yaponlar uzun müddət oturmaqdan çəkinir və ictimai nəqliyyatda belə dayanmamağa və ya yeriməyə üstünlük verirlər. Bu vərdiş xroniki sağlamlıq problemlərinin riskini azaldır və daha uzun, sağlam həyat tərzini dəstəkləyir.

4. Təmizlik

Təmizlik yapon mədəniyyətinin dərin köklənmiş bir hissəsidir və uzunömürlülükdə mühüm rol oynayır. Əllərin yuyulmasından tutmuş ictimai məkanların təmiz saxlanılmasına qədər gigiyena hər zaman prioritetdir və bu da xəstəliklərin səviyyəsinin aşağı olmasına səbəb olur. Tez-tez təmizlik aksiyaları təşkil edilir və uşaqlara kiçik yaşlarından nizam-intizamlı olmağı öyrədirlər.

5. Maskalar və səhiyyə sistemi

Yaponiyada maska taxmaq pandemiya dövründən əvvəl də geniş yayılmış bir vərdiş idi. İnsanlar adətən soyuqdəymə və ya qrip olduqda maska taxaraq xəstəliyin yayılmasının qarşısını alır və səhiyyə sisteminə olan yükü azaldırlar. Bununla yanaşı, inkişaf etmiş və əlçatan səhiyyə sistemi mütəmadi tibbi müayinələri təşviq edir. Bu da mümkün problemlərin erkən aşkarlanmasına imkan yaradır və uzunömürlülüyə töhfə verir.

6. Sosial həyat

Sosiallaşma Yaponiyada uzunömürlülüyü dəstəkləyən digər amillərdən biridir. Yaponlar dostları ilə vaxt keçirməyi və çölə çıxmağı sevirlər. Sağlam sosial həyat psixi rifahı gücləndirir və uzunömürlülükdə fiziki sağlamlıq qədər vacib rol oynayır.

7. Təbiət

Təbiət yapon həyatının əsas hissəsidir, çünki bir çox insanlar harmonik həyatın təbiətlə vəhdətdə olduğuna inanır. Fuji dağı kimi məşhur təbii möcüzələr haqqında eşitmiş ola bilərsiniz, lakin Yaponiyada kəşf ediləcək daha çox gözəlliklər var. Məsələn, Yaponiya dünyanın ən uzun sahil xətlərindən birinə malikdir və Kitayamazaki və ya Jogasaki sahilləri kimi yerlərdə mənzərə izləmək nəfəs kəsicidir.

8. Yaponiyada uzunömürlülüyün psixoloji cəhətləri

Həyata müsbət baxış açısını qorumaq Yaponiyada uzunömürlülüyün açarlarından biridir. Bir çox yaşlı insanlar zehni olaraq aktiv qalır və gənc hiss edir, 80-ci və 90-cı yaşlarına qədər marafon və ya dağçılıq kimi fiziki fəaliyyətlərdə iştirak edirlər. Bu müsbət psixoloji yanaşma sağlam qidalanma və ya mütəmadi idman qədər vacibdir.

Mənbə: Flip Japan Guide 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et