
Səs-küyü azaldan qulaqlıqlardan istifadə etməsəniz belə, yüksək səs eşitmə qabiliyyətinizə zərər verə bilər. Hamımız bilirik ki, musiqiyə çox yüksək səslə qulaq asmaq eşitmə itkisinə səbəb ola bilər.
Bununla belə, BBC xəbər verir ki, səs-küyü ləğv edən qulaqlıqlar başqa bir sağlamlıq probleminə səbəb ola bilər.
Xəbərdə bildirilir ki, səs-küyü ən aşağı səviyyəyə qədər azaldan bu texnologiya fon səslərini basdıraraq istifadəçilərin beynində problemlər yarada bilər. İngiltərədən olan 25 yaşlı bir qadın eşitmə testlərindən uğurla keçsə də, səslərə fokuslanmaqda çətinlik çəkdiyini söyləyib.
Tədqiqatlar göstərir ki, bu gənc qadın eşitmə prosesinin pozulması (APD) adlı nevroloji vəziyyətdən əziyyət çəkir. APD, beynin səsləri və danışılan sözləri düzgün qəbul edib anlamasına təsir edən bir xəstəlikdir.
Britaniya Milli Səhiyyə Xidməti xəbərdarlıq edir ki, ölkədə gənclər arasında səsləri aydın eşitmə qabiliyyəti ilə bağlı problemlər artmaqdadır. Bu vəziyyətin əsas səbəblərindən biri kimi səs-küyü azaldan qulaqlıqlar göstərilir.
Bənzər problemlərlə qarşılaşan xəstələri müalicə edən auditoloqlar da səs-küyü azalda bilən bu texnologiyanın beyinə təsiri ilə bağlı daha geniş araşdırmalar aparılmasına çağırırlar. Bir sözlə, qulaqlıqdakı ANC düyməsini basmazdan əvvəl iki dəfə düşünmək faydalı ola bilər.
Mənbə: Hüriyyet
Tərfümə etdi: Dilbər Paşazadə
