Aralıqlı oruc (intermittent fasting) son illərdə dünyada ən çox yayılmış qidalanma üsullarından birinə çevrilib. Bir çox məşhur simalar da bu metodu tətbiq edir. Bu pəhrizin çəki azaltmağa kömək etdiyi bilinsə də, yeni araşdırmalar onun bəzi sağlamlıq riskləri daşıdığını ortaya qoyub.

Almaniyalı alimlərin apardığı tədqiqat aralıqlı orucun yeniyetmələrdə 2-ci tip şəkərli diabet riskini artıra biləcəyini göstərib. Bu qidalanma rejiminin bel ətrafındakı piylənməni azaltdığı məlum olsa da, insülin istehsalına mənfi təsir edərək diabet riskini artırdığı müşahidə olunub.
Erkən yaşda risk faktorları
Tədqiqat çərçivəsində laboratoriya siçanları 24 saat ərzində qida qəbul etmədən saxlanılıb, ardınca iki gün adi şəkildə qidalandırılıb. 10 həftəlik araşdırmanın nəticələrinə əsasən, yetkin və yaşlı siçanlarda insülin həssaslığının artdığı, lakin yeniyetmə siçanlarda beta hüceyrə funksiyalarının zəiflədiyi müəyyən olunub.
Mütəxəssislər bunun yeniyetmələrdə mədəaltı vəzi tərəfindən insülin istehsal edən beta hüceyrələrinin tam inkişaf etməməsi ilə əlaqəli olduğunu bildiriblər. İnsan toxumalarında aparılan əlavə təhlillər isə 2-ci tip diabetli fərdlərdə oxşar beta hüceyrə yetkinləşməmə əlamətlərinin mövcud olduğunu göstərib.
Tip 2 diabetin fəsadları
Tip 2 diabet orqanizmin insulini kifayət qədər istehsal edə bilməməsi və ya onun effektivliyinin azalması nəticəsində yaranır. Nəticədə, qanda şəkərin səviyyəsi yüksəlir ki, bu da uzunmüddətli perspektivdə ürək xəstəlikləri, insult, göz, böyrək və sinir sistemində ciddi problemlərə səbəb ola bilər.
Mütəxəssislər qeyd edir ki, aralıqlı orucun yeniyetmələrə təsiri daha dərindən araşdırılmalıdır və qidalanma vərdişləri seçilərkən fərdi xüsusiyyətlər nəzərə alınmalıdır.
Mənbə: NTV
Tərcümə etdi: Nərgiz Orucova
