Bu gün:

HMPV yeni bir təhlükədirmi?


Mütəxəssislər HMPV-nin yeni bir epidemiya ilə bağlı narahatlıq doğurduğunu və onun qrip kimi digər tənəffüs yolu infeksiyalarına oxşar simptomlar göstərdiyini bildirirlər.

İnfeksiya Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi Dr. Dilek Leyla Mamçu dünyada yeni bir epidemiyaya səbəb olan HMPV virusu haqqında məlumat verib.


HMPV (Human Metapneumovirus) yeni bir virus deyil və əslində, 2001-ci ildə aşkar edilib. Son zamanlar xəstəlik halların artması ilə əlaqədar narahatlıq doğursa da, yeni bir alovlanma hesab edilmir.

Bu virus hər yaşda müşahidə oluna və immun sistemi zəif olan insanlarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə, qış və yaz aylarında daha çox rast gəlinən HMPV qrip və digər tənəffüs yolu infeksiyaları ilə qarışdırıla bilən simptomlar göstərir. HMPV infeksiyası adətən yüngül olur və soyuqdəymə və ya qripə bənzər simptomlara səbəb olur.


Ən çox görülən simptomlar arasında burun tutulması, öskürək, boğaz ağrısı, qızdırma, yorğunluq, əzələ ağrıları və baş ağrısı var. Bəzi hallarda HMPV bronxit, pnevmoniya, laringit və astmanın kəskinləşməsi kimi daha ciddi tənəffüs yolu infeksiyalarına da səbəb ola bilər.


COVID-19 pandemiyasından sonra respirator virus infeksiyalarının sayı artıb. Bununla belə, bu artımın birbaşa pandemiya ilə əlaqəli olmadığı, maskalar, məsafə və şəxsi gigiyena kimi insandan insana yoluxmanın qarşısını alan tədbirlərin yumşaldılması ilə əlaqəli olduğu düşünülür.

 

HMPV diaqnozu adətən klinik simptomlar və laboratoriya testləri ilə qoyulur. Nümunələr tənəffüs yoluxucu patogenləri müəyyən etmək üçün toplanır. Bundan əlavə, müalicə simptomatikdir və hazırda HMPV üçün xüsusi antiviral müalicə və ya peyvənd yoxdur.


HMPV digər tənəffüs yoluxucu infeksiyalar kimi damcı yolu ilə ötürülür. HMPV, xüsusilə, izdihamlı mühitlərdə sürətlə yayılır. HMPV infeksiyası riskini azaltmaq üçün əl gigiyenasına diqqət yetirmək, xəstə insanlardan uzaq olmaq və qapalı yerləri mütəmadi olaraq havalandırmaq vacibdir. İmmuniteti zəif olan şəxslər xəstəliyin ilkin əlamətlərini gördükdə mütləq həkimə müraciət etməlidirlər.



Mənbə : Hüriyyet

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et