Dünyada ən dözülməz ağrı növünün klaster baş ağrısı olduğu ortaya çıxıb. Ağrı növlərinə görə doğuş sancılarını belə üstələyən klaster baş ağrıları birdən-birə və heç bir xəbərdarlıq əlaməti olmadan irəliləyə bilir.
Bir çox insanlar doğuş ağrılarının dünyanın ən şiddətli ağrılarından biri olduğunu düşünür, lakin son təhlillər bunu təkzib edib.
Klaster baş ağrılarının bir insanın yaşaya biləcəyi ən şiddətli ağrılar arasında olduğunu ifadə edən elm adamları, bu növ ağrının nadir olduğunu da vurğulayıblar.
Araşdırmalara əsasən, təxminən 2000 iştirakçı baş ağrısı zamanı yaşadıqları ağrıları digər şiddətli ağrılarla müqayisə ediblər. İştirakçılardan ağrılarını 0-dan 10-a qədər miqyasda qiymətləndirmələri istənilib və 7-dən yuxarı ballar "şiddətli ağrı" hesab olunub. Nəticədə, klaster baş ağrıları orta hesabla 10 baldan 9,7 balla siyahıya başçılıq edir, doğuş ağrıları isə 7,2 balla ikinci yerdədir.
Klaster baş ağrıları heç bir xəbərdarlıq əlaməti olmadan birdən başlaya və bitə bilər. Bu baş ağrıları 15 dəqiqədən 3 saata qədər davam edə və adətən göz ətrafında başın bir tərəfində kəskin, yanma və ya deşici ağrıya səbəb ola bilər.
Həmçinin xəstələr qızartı, şişkinlik, sulanma, burun tutulması və ya gözlərdən axıntı kimi simptomlarla qarşılaşa bilərlər.
Tərcümə etdi: Mina Yadigarlı
Mənbə: NTV. Com
