Qidalandırıcı dəyəri yüksək və son dərəcə faydalı qidalar arasında yer alan qatıq, xüsusilə, bağırsaq sağlamlığını dəstəkləməsi ilə tanınır. Qatıq, kalium, fosfor, riboflavin, yod, sink, A, E və B vitaminləri ilə zəngindir. Bu isə onu mədə-bağırsaq pozğunluqlarına, yüksək təzyiqə səbəb olan pis xolesterinə və ürək-damar xəstəliklərinə qarşı güclü bir qoruyucu edir.
Bəs, hər gün 1 kasa qatıq yemək orqanizmə necə təsir göstərir?
Təbii probiyotik mənbələrindən biri olan qatıq, həzm sistemini tənzimləyici təsiri ilə tanınır. Çox yönlü və yüksək qidalandırıcı dəyərə malik olan bu qida, xüsusilə, qış aylarında istifadə edildikdə immun sistemini gücləndirir.
Bundan əlavə, qatıq dərini qidalandıran və çəki idarəsində mühüm rol oynayan əsas qida maddələrini təmin edir. Orqanizmin müqavimətini artıraraq xəstəliklərə qarşı qoruyucu bir qalxan rolunu oynayır.
İngiltərədə 186 min qadın və kişinin qidalanma vərdişlərini və sağlamlıq vəziyyətini araşdıran Çinin Central South Universitetinin tədqiqatçıları gündə 50 qram qatıq yeyənlərin erkən ölüm ehtimalının 18% daha az olduğunu müəyyən ediblər. Alimlər hesab edirlər ki, qatığın tərkibindəki təbii bakteriyalar bağırsaqlar üçün faydalı təsir göstərir və bu da qoruyucu effektin əsas səbəblərindən biri ola bilər.
Tədqiqatçılar bildiriblər ki, "Bu yeni tapıntılar sağlam qidalanmanın bir hissəsi kimi qatıq istehlakının klinik və ictimai səhiyyə baxımından əhəmiyyətini göstərən dəlillər təqdim edir".
Hər gün 1 kasa qatıq yeməyin təsirləri:
1- Güclü İmmunitet
Qatıq orqanizmdə faydalı bakteriyaların artmasına kömək edən probiyotiklərlə zəngindir. Sağlam bağırsaq immun sisteminin gücləndirilməsində mühüm rol oynayır və bu da qrip, soyuqdəymə kimi qış xəstəliklərinə qarşı müqaviməti artırır.
2- Nizamlı həzm
Qış aylarında qəbul edilən ağır qidalar həzm problemlərinə səbəb ola bilər. Qatıq, qidaların daha asan parçalanmasına kömək edir. Tərkibindəki probiyotiklər şişkinliyin qarşısını alır və həzm sisteminin balansını qorumağa kömək edir.
3- Kalsiyum və vitamin mənbəyi
Qatıq kalsium, protein və vacib vitaminlər – B12 və riboflavin baxımından zəngin bir qidadır. Bu tərkib, qış aylarında azalan fiziki aktivliyə baxmayaraq, sümük sıxlığını qorumaq və əzələ kütləsini saxlamaq üçün mühüm əhəmiyyət kəsb edir.
4- Dəri sağlamlığını dəstəkləyir
Soyuq hava dərini quruda və qabıqlandırıla bilər. Qatıq istehlak etmək, dərini daxildən qidalandırır və nəmləndirir. Bundan əlavə, qatığın tərkibindəki laktik turşu dərini yeniləyir və qış aylarında dərinin solğun görünməsinin qarşısını alır.
5- Arıqlamağa kömək edir
Əgər qışda artıq çəkidən xilas olmaq istəyirsinizsə, qatıq sizin üçün ideal bir qida ola bilər. Az kalorili olan qatıq qəfil aclıq hisslərini idarə etməyə kömək edir. Tərkibindəki protein uzun müddət toxluq hissi yaradır və bu da lazımsız qidalanmanın qarşısını alır.
6- Sterissi azaldır
Qış depressiyası reallıqdır və qısa günlərdə artan stress sizi yorğun hiss etdirə bilər. Qatığın tərkibindəki probiyotiklər stressi azaltmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. Bu xüsusiyyəti ilə qatıq, qış aylarında rahatlaşdırıcı bir qida kimi süfrələrdə yer alır.
Gündə nə qədər qatıq yeyilməlidir?
Əgər digər süd məhsulları qəbul edilmirsə və insanın gündəlik kalori ehtiyacına uyğun gəlirsə, qatığın miqdarı artırıla bilər. Gün ərzində süd və pendir qəbul edilirsə, minimum 1 kasa qatıq yemək kifayətdir.
Mənbə: NTV
Tərcümə etdi: Nərgiz Orucova
