Bu gün:

Hava dəyişkənliyinin insanlara təsiri nələrdir?


Havanın dəyişkənliyi insan sağlamlığına və psixoloji vəziyyətinə müxtəlif təsirlər göstərə bilər. Xüsusilə, mövsüm dəyişiklikləri və ani hava dəyişikliyi bir çox insanın gündəlik həyatına təsir edir. Bu təsirlər fiziki, psixoloji və sosial aspektlərdə özünü göstərir. 

Fiziki təsirlər

Hava dəyişkənliyi ilk növbədə insanın fiziki sağlamlığına təsir edir. Temperaturun ani şəkildə düşməsi və ya qalxması, hava təzyiqinin dəyişməsi, rütubət səviyyəsinin artıb-azalması müxtəlif problemlərə yol aça bilər.

1. Baş ağrıları və miqren: Hava təzyiqinin enib-qalxması, xüsusilə miqren xəstələri üçün narahatlıq yarada bilər;

2. Təzyiq və ürək problemləri: Aritmiya, yüksək və ya aşağı qan təzyiqi olan insanlar hava dəyişkənliyinə daha həssasdırlar. Temperaturun və rütubətin dəyişməsi qan dövranına təsir edərək ürək-damar sistemində problemlər yarada bilər.

3. İmmunitet zəifləməsi: Temperatur dəyişiklikləri və rütubət səviyyəsinin qeyri-sabit olması immun sisteminin zəifləməsinə səbəb ola bilər ki, bu da soyuqdəymə və qrip kimi xəstəliklərin yayılmasına şərait yaradır.

Psixoloji və emosional təsirlər

Hava dəyişkənliyi insanların psixoloji vəziyyətinə də təsirsiz ötüşmür. Əsasən qış aylarında günəş işığının azalması və havanın tutqun olması depressiya və yorğunluq hissini artıra bilər.

1) Mövsümi depressiya (SAD): Xüsusilə payız və qış aylarında gün işığının azalması insanın əhval-ruhiyyəsinə mənfi təsir edir. Günəş işığı serotonin hormonunun ifrazını artırdığı üçün, işığın azalması depressiya və yorğunluq hissinə səbəb ola bilər.

2) Motivasiya azalması: Yağışlı və soyuq havalar insanın enerjisini azalda və işə motivasiyasını aşağı sala bilər. Bu, həm fiziki fəaliyyətin azalmasına, həm də sosial həyatın zəifləməsinə səbəb ola bilər.

3) Stress və əsəbilik: Havanın isti və ya rütubətli olması bədənin narahatlıq hiss etməsinə səbəb olur. Xüsusilə yay aylarında həddindən artıq istilər əsəbilik və stressi artırır.

Hava dəyişkənliyi ilə mübarizə üsulları

Hava dəyişkənliyinin mənfi təsirlərini azaltmaq üçün bir sıra tədbirlər görmək mümkündür:

  • Geyimə diqqət yetirmək: Temperatur dəyişikliklərinə uyğun olaraq geyim seçmək vacibdir. Soyuq havalarda isti, isti havalarda isə nəfəs alan paltarlar geyinmək məsləhətdir.
  • Sağlam qidalanma: İmmuniteti gücləndirmək üçün vitamin və minerallarla zəngin qidalar qəbul etmək lazımdır.
  • Fiziki aktivlik: Hava necə olursa-olsun, gündəlik fiziki aktivliyi qorumaq vacibdir. Xüsusilə qapalı məkanlarda idman etmək enerjini artırır və psixoloji durumu stabilləşdirir.
  • Gün işığından yararlanmaq: Xüsusilə qış aylarında günəşli havalarda açıq havada vaxt keçirmək və D vitamini qəbul etmək əhval-ruhiyyəyə müsbət təsir edir.
  • Nəmləndirmə və istirahət: Rütubətli havalarda bol su içmək, isti havalarda isə kölgədə dincəlmək vacibdir.

Hava dəyişkənliyi insanların fiziki və psixoloji sağlamlığına təsir edən mühüm faktordur. Havanın təsirlərini azaltmaq üçün düzgün həyat tərzi seçmək, sağlam qidalanmaq və fiziki aktivliyi qorumaq vacibdir. Unutmayaq ki, təbiətin şərtlərinə uyğunlaşmaq və ona qarşı tədbirlər görmək daha sağlam və rahat bir həyat üçün vacibdir.

Mənbə: Ntv

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et