
Xərçəng hər gün daha çox gənc qadına təsir edir. Qalxanabənzər vəz, uşaqlıq boynu, nazik bağırsaq və böyrək xərçəngləri, xüsusilə süd vəzi xərçəngi gənc qadınlarda daha çox rast gəlinir.
Bəs bunun səbəbi nədir?
Mütəxəssislər hormonun mərkəzi rol oynadığını düşünürlər. Sinə xərçəngi xəstələrini müalicə edən onkoloq Dr. Saif Əhməd və onun həmkarları son illərdə kifayət qədər narahatedici tendensiya müşahidə ediblər.
Sinə xərçəngi hələ də əsasən yaşlı qadınları təsir edən bir xəstəlik olsa da, Böyük Britaniya Xərçəng Araşdırmasına (CRUK) görə, Əhməd və onun komandası 20, 30 və 40 yaşlarında xəstələrin sayının artdığını görüblər. Kembric Universitetində klinik onkologiya üzrə akademik məsləhətçi olan Dr. Əhməd bildirib ki, onlar mütləq şəkildə sinə xərçəngi diaqnozu qoyulmuş gənc qadınlarla qarşılaşırlar. Bu qadınlar arasında yeni ailə quranlar, azyaşlı uşaqları olanlar və hətta hamiləlik dövründə xərçəngə tutulmuş olanlar var. Belə hallar, xüsusilə körpənin gələcəyi ilə bağlı ciddi çətinliklər yarada bilər.
Təkcə sinə xərçəngi deyil, digər növlərindədə artım var
Gənc qadınlar arasında bu artan tendensiya, müxtəlif xərçəng növlərinin ümumi əhali səviyyəsində daha aydın görünməyə başlamasına səbəb olur. CRUK tədqiqatçılarının araşdırmalarına görə, son 20 ildə 50 yaşdan kiçik qadınlarda sinə xərçəngi 13%, uşaqlıq boynu xərçəngi isə 14% artıb.
Digər xərçəng növlərində artım sürəti daha yüksəkdir. Təkcə son on ildə 25-49 yaş qrupunda qalxanabənzər vəzi, nazik bağırsaq və böyrək xərçəngindən əziyyət çəkənlərin sayı 231 faiz, 119 faiz və 96 faiz artıb.
Risk kişilərdən 82% daha çoxdur
Həmçinin görünür ki, gənc qadınlar gənc kişilərlə müqayisədə xərçəngə daha həssas olurlar. Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, 50 yaşdan kiçik qadınlarda xərçəng nisbətləri kişi həmkarlarından 82% daha yüksəkdir. Eyni statistika 2002-ci ildə 51 olub.
Bu narahatedici mənzərəni öz xəstələrində müşahidə edən onkoloq Dr. Siddhartha Yadav və onun həmkarları indi xərçənglər, xüsusən də gənc yaşda rast gəlinənlər haqqında daha çox məlumat əldə etməyə yönəlmiş bir araşdırma layihəsi qurublar.
Gənclər risk altında olduğundan xəbərdar deyil
The Telegraph-a danışan Dr. Yadav bildirib ki, artımın ən diqqətçəkən məqamlarından biri bu xərçənglərin daha yüksək mərhələdə aşkar edilməsi və daha çox yayılma ehtimalının olmasıdır. O vurğulayıb: "Ən böyük narahatlıqlardan biri odur ki, xəstələr tez-tez risk altında olduqlarını dərk etmirlər və yaşlı qadınlar üçün tətbiq olunan nəzarət testlərindən keçmirlər. Nəticədə, diaqnoz daha gec qoyulur".
Bundan əlavə, gənc yaşda başlayan xərçənglərin biologiyasının yaşlı xəstələrdəki xərçəngdən fərqli olması da mümkündür. "Şişlərin xüsusiyyətləri tamamilə fərqli görünür", – deyə o əlavə edib.
Gənc qadınlarda xərçəng niyə artır?
İki il əvvəl Harvard Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma göstərib ki, estrogen sinə xərçəngində əvvəllər düşünüldüyündən daha mühüm rol oynaya bilər və potensial olaraq bütün halların üçdə birində iştirak edir.
Estrogen uzun müddətdir ki, sinə, yumurtalıq və endometrium xərçəngləri də daxil olmaqla müxtəlif xərçəng növlərinin inkişafında katalizator kimi qəbul edilir. Bunun səbəbi, estrogenin sinə toxumasının bölünməsini və yayılmasını stimullaşdırmasıdır ki, bu da xərçəngə səbəb olan mutasiya riskini artırır.
Lakin Harvard alimlərinin araşdırması göstərir ki, estrogen təkcə hüceyrə bölünməsini sürətləndirməklə kifayətlənmir, həm də birbaşa DNT-də dəyişikliklərə səbəb ola bilər. Bu da hüceyrələri xərçəngə qarşı daha həssas hala gətirir.
Mənbə: Milliyet
Tərcümə etdi: Dilbər Paşazadə
