Bu gün:

Uşaqlarda daimi görmə itkisinə səbəb olan xəstəlik: Üveit


Üveit, göz içində iltihablanma ilə xarakterizə olunan ciddi bir göz xəstəliyidir. Prof. Dr. Merih Orayın sözlərinə görə, bu xəstəlik xüsusilə uşaqlarda qalıcı görmə itkisinə səbəb ola bilər və bu səbəbdən diqqətlə izlənməlidir. O, xüsusilə uşaqlıq dövründə oynaq revmatizmi (juvenil artrit) olan uşaqlarda üveitin daha ağır keçdiyini vurğulayıb.


Üveit, gözün damarlarla zəngin olan orta təbəqəsinin iltihablanması nəticəsində yaranır. Bu xəstəlik, əsasən  ankilozan spondilit, iltihablı bağırsaq xəstəlikləri və dağınıq skleroz (MS) kimi nevroloji və revmatik xəstəliklərlə əlaqəli ola bilər.


Gözün iris toxumasını əhatə edən və yalnız gözün ön hissəsində müşahidə olunan üveitdə əsas simptomlar göz bəbəyinə toxunduqda və sağa-sola çevirdikdə hiss edilən ağrı, işığa həssaslıq, qızartı və bulanıq görmədir. Bu əlamətlər iltihabın aktivləşdiyini və müalicəyə ehtiyac olduğunu göstərir.


Gözün arxa hissəsində yerləşən üveit əsasən bulanıq görmə və qara nöqtələrin görünməsi kimi əlamətlərlə özünü göstərir. Xüsusilə, görmə üçün əsas olan makula bölgəsinin iltihablanması düzgün müalicə olunmazsa, ciddi fəsadlara və qalıcı görmə itkisinə səbəb ola bilər. Üveitin tamamilə sağalan bir xəstəlik olduğunu demək mümkün deyil, çünki bu, uzun illər həkim nəzarəti tələb edən xroniki bir vəziyyətdir.


Revmatizm olan uşaqlarda daha çox rast gəlinir:

Üveit hər yaş qrupunda görülə bilər. Görmə itkisi fərqli olsa da, 10-15 faiz ciddi görmə itkisi riski olur. Fərq edilmədən davamlı şəkildə irəliləyən bu xəstəliyin təkrarlanmaması üçün onun altında yatan səbəbləri araşdırmaq lazımdır.


Xüsusilə uşaqlıqdan revmatizmi olan uşaqların müntəzəm olaraq göz müayinəsindən keçməsi çox vacibdir. Bu xəstələrdə yalnız oynaqlarda deyil, gözlərdə də iltihab yarana bilər. Bəzi hallarda gözdə qızartı müşahidə olunmasa da, uşaqlar yaşlarına görə şikayətlərini ifadə edə bilmirlər və ailələr də vəziyyətdən xəbərsiz ola bilirlər. Buna görə də, bu uşaqların mütəmadi olaraq üveit üzrə ixtisaslaşmış oftalmoloq tərəfindən yoxlanılması vacibdir. Lakin uşaqları müayinə etmək bəzən çətin ola bilər, buna görə də səbir və diqqətlə yanaşmaq lazımdır.


Təcili müdaxilə ehtiyacı olan xəstəliklər arasındadır:

Şiddətindən asılı olmayaraq, üveit təcili müdaxilə tələb edən bir xəstəlikdir. Gecikdirilərsə, xəstəlik irəliləyir və göz bəbəyinin deformasiyası, katarakta, iltihab nəticəsində göz təzyiqinin artması kimi fəsadlara səbəb ola bilər. Optik sinirin və görmə nöqtəsinin zədələnməsi ola bilər. Xəstəlik qısa müddətdə müalicə olunmazsa, toxumalar məhv olmağa başlayır və bu da görmə itkisi ilə nəticələnir. Semptomlar ortaya çıxdıqda, ediləcək ilk şey üveitdə təcrübəli bir oftalmoloq tərəfindən müayinədən keçməkdir.


Mənbə: Hüriyyet

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et