Ürək əzələsinə qan axını birdən kəsildiyi zaman meydana gələn infarkt adətən sinə ağrısı, nəfəs darlığı, tərləmə, başgicəllənmə kimi əlamətlərlə özünü göstərir.

Qış aylarında infarkt nisbətlərinin artdığını bildirən Dr. Srinivasi qeyd edib ki, bunun səbəbi bədənin soyuqla mübarizə aparmaq üçün daha çox işləməli olması və fiziki fəaliyyətin ürəyə adi vəziyyətdən daha çox yüklənməsidir.
Soyuq havanın qanın qatılaşmasını və laxtalanma riskini artıra biləcəyini ifadə edən mütəxəssis, xüsusilə, qadınlarda infarkt əlamətlərinin fərqli şəkildə görünə biləcəyi barədə xəbərdarlıq edib. Ürəyə qan axını məhdudlaşdırıldıqda ağrı siqnalları dişlərə ötürülə bilər. Həmçinin bu ağrı qollarda, çənədə və qarında da hiss edilə bilər.
Mədə problemləri bir çox insanlar tərəfindən görməzlikdən gəlinir, lakin mütəxəssislər ürək yanması, ağrı və ürəkbulanma kimi simptomların infarkt əlaməti ola biləcəyini bildiriblər.
Həddindən artıq tərləmə və səbəbi bilinməyən yorğunluq da infarkt əlamətləri ola bilər. İstirahət zamanı belə qeyri-adi yorğunluq hissi ürək xəstəliyinin erkən əlaməti kimi sayıla bilər.
İdman ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. O, ürək əzələsini gücləndirir, qan nasos funksiyasını daha səmərəli edir, xolesterolu azaldır və arıqlamağa kömək edir.
Harvard T.H Chan İctimai Sağlamlıq Məktəbi tərəfindən aparılan bir araşdırma nə qədər idman etdiyinizdən asılı olmayaraq şəkərli içkilərin ürək xəstəliyi riskini artırdığını göstərib.
Siqaret qan damarlarını zədələyir, qan təzyiqini artırır və oksigen səviyyəsini aşağı salır. Siqaret çəkənlərin infarkt keçirmə ehtimalı siqaret çəkməyənlərə nisbətən iki dəfə çoxdur
Tərcümə etdi: Mina Yadigarlı
Mənbə: NTV
