Dünyanın bir çox yerində ən çox istifadə edilən ədviyyatlardan biri olan acı bibərin sağlamlığa faydalarını araşdıran çoxlu araşdırmalar var və nəticələr ədviyyatın həm müsbət, həm də mənfi təsirləri olduğunu göstərir.

Acı bibərin aktiv maddəsi kapsaisindir. Bibər yediyimiz zaman onların tərkibindəki kapsaisin molekulları bədənimizin istilik reseptorları ilə qarşılıqlı əlaqədə olur və "isti" hissi yaratmaq üçün beynimizə siqnallar göndərir.
Bəzi araşdırmalar bu maddənin ömrü uzatmağa kömək edə biləcəyini göstərir. 2019-cu ildə İtaliyada aparılan bir araşdırma həftədə dörd dəfə tərkibində acı bibər olan qidaları yeyən insanların, ümumiyyətlə, acı bibər yeməyənlərə nisbətən ölüm riskinin daha az olduğunu ortaya qoyub. Əlavə olaraq, tədqiqat zamanı iştirakçıların siqaret çəkməsi, məşq rejimi və qidalanma keyfiyyəti kimi digər amillər də nəzərə alınıb.
Ancaq bu o demək deyil ki, çoxlu miqdarda acı bibər yeməyə başlasanız qısa müddətdə sağlamlığınızı qoruyacaq və ya tənəffüs yolları xəstəliklərindən xilas edəcəksiniz.
Çində aparılan araşdırmada iştirakçılar orta hesabla yeddi il nəzarət altında saxlanılıb. Bu o deməkdir ki, əgər acı bibəri yeyən insanlar tədqiqatın əvvəlində sağlam deyildilərsə və acı bibər həqiqətən iştirakçıların sağlamlığını qorusa belə, onun təsiri həftələr və ya aylar deyil, çox güman ki, uzun müddət ərzində baş verib.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Hüseynova
