24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı dietoloq Tutu Zeynalovadır. O, artıq çəkilər barədə danışıb.

-Artıq çəkidən xilas olmağın sağlam yolları hansılardır?
Artıq çəki, artıq piylənmə 21-ci əsrin epidemiyasıdır. Bu çəkilərdən asanlıqla qurtulmaq üçün müxtəlif çaylardan, dərmanlardan, kofelərdən və s. istifadə edirlər. Bu vasitələr sağlamlığa zərərsiz ötüşmür və gələcəkdə bağırsaq xərçəngi və başqa xəstəliklərə yol açır. Artıq çəkidən xilas olmağın sağlam yollarına gəldikdə isə, problemin səbəbini bilmək lazımdır. İdeal variant müayinədən keçməkdir. Hormonal pozuntular, yuxusuzluq, fiziki aktivliyin az olması, qeyri-sağlam qida rejimi, gündəlik stress səviyyəsi, insulin dirənci, vitamin əskikliyi-bunlar müxtəlif səbəblərdir. Həyat tərzi dəyişikliklərinə gəldikdə isə, həftədə maksimum 3 dəfə, 4 saatdan bir qidalanmaq lazımdır. Sağlam qidalara üstünlük verilməlidir. Karbohidratları azaltmaq, şəkərli qidaları, hazır paketlənmiş qidaları yemək rasionunuzdan çıxarmaq, içki olaraq yalnız sudan istifadə etmək məqsədəuyğundur. Yuxu rejimi də çox önəmlidir. Yağ yandıran hormonumuz somatotropin biz yuxuda olan zaman ifraz olunur. Buna görə də ən gec 23:00-da yatmaq arıqlamağa təsir edəcəkdir. Təmiz havada keçirdiyimiz zaman da önəmlidir. Hər gün ən azı yarım saat piyada gəzmək tövsiyə olunur. Su içmək vacibdir. Çəkinizin 3 faizi mislində su içmək, şəkərli, qazlı içkilərdən uzaq durmaq vacibdir. Həftədə 2 dəfə qırmızı ət, 2 dəfə balıq əti, 2 dəfə toyuq, bir gün, ümumiyyətlə, ətsiz gün yalnız tərəvəzlərdən bol istifadə etmək daha yaxşı olar. İpucu verim ki, yeməyə başlayarkən tərəvəzli, mayonezsiz salatla başlamaq, daha sonra proteinlə davam etmək, karbohidratları sona saxlamaq lazımdır. Bunun səbəbi yediyimiz salat mədəmizdə çox yer tutduğu üçün toxluq hissi verəcəkdir. Karbohidratdan az istifadə etdiyimiz üçün qan şəkəri dalğalanmayacaq və tez acmayacayıq. Ən vacib məqamlardan biri qeyd edilən dəyişiklikləri həyat tərzinə çevirmək lazımdır.
24Media.az xatırladır ki, hər il artıq çəki və ya piylənmə nəticəsində ən azı 2.8 milyon insan məhv olur. Piylənmə hallarının sayı son 30 il ərzində təxminən iki dəfə artmışdır.
Sağlam qidalan! Sağlam yaşa!
Fidan Əlizadə
