Bu gün:

“Düşündürüb güldürməyi bacarmalıyıq”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı İctimai Televiziyada “MAG TV” verilişinin aparıcısı Rauf Şirinovdur. 

Hazırda televiziyalarda gördüyünüz əskikliklər hansılardır?

Özəl televiziyalar reytinq qurbanına çevriliblər. Günü-gündən bayağı verilişlərin sayı durmadan artmaqdadır, o verilişlərin heç birində də bir mesaj, müəyyən tənqid yoxdur. Baxan kimi bilinir ki, kommersiya xarakterlidir. Jurnalistikanın prinsipləri, funksiyaları, dəyərləri gedərək itir. Özəl televiziyalar nə qədər kommersiya xarakterli olsalar da, dəyərləri qoruyub saxlamalıdırlar. Televiziya ancaq əyləndirməli, güldürməli deyil. Güldürürüksə də düşündürüb güldürməyi bacarmalıyıq – bu bizə Cəlil Məmmədquluzadədən tanışdır. Yumor tərbiyəvi xarakter daşıyan bir gülüşdür. Gənclərin 99 faizi bu gün bəzi verilişlər istisna olmaqla, televiziyaya baxmırlar. Hazırda televiziya izləyici auditoriyasını orta və yaşlı nəsillər daha çox təşkil edir. Onlara da sosial və əyləncə xarakterli verlişlər maraqlıdır. Bu gün, ümumiyyətlə, insanlar özlərini xoşbəxt hiss etmirlər deyə, bəlkə də, bir növ empatiya qurub sosial verlişlərə baxırlar, bəyənirlər, amma orada da bir mesaj yoxdur. Günümüzdə Azərbaycan özəl televiziyalarının ən böyük problemi, deyərdim ki, reytinq xatirinə sosial və əyləncəli verilişlərin daha çox artmasıdır. Deyə bilərsiniz ki, İctimai Televiziyada işləyir deyə, dövlət televiziyalarına toxunmadı, amma, həqiqətən, analiz edəndə İctimai Televiziyanın səviyyəsi çox yüksəklərdədir, çünki istər-istəməz bütün dəyərləri qoruyur, hər bir mövzunu özündə ehtiva edən verilişləri var. Məsələn, mənim işlədiyim “MAG TV” verlişində biz həm gəncləri maarifləndiririk, həm əyləndirib öyrədirik və onların öyrənməsi üçün şərait yaradırıq. “MAG TV” gənclər üçün bir növ arenadır, Azərbaycan gəncliyinin güzgüsüdür. Dövlət kanallarında, həqiqətən, inkişaf var, amma özəl kanallarımız üçün bunu deyə bilməyəcəm. Mən də, bəlkə, gələcəkdə hansısa özəl kanalda işləyərəm, bu dediklərim məni gələcəkdə təkzib edə bilər, amma mən bugünkü gün üçün bu fikirdəyəm.

24media.az qeyd edir ki, MARSA şirkətinin icraçı direktoru İradə Sultanova “REPORT”a müsahibəsində “TV-yə baxan insanların sayı neçədir?” sualına hər hansı bir dəqiq rəqəm deməyin mümkün olmadığını, çünki auditoriya və izləyicilərin daim dəyişən bir göstərici olduğunu deyib: “İnsanların TV baxışına bir çox amillər təsir edə bilər, bu, həm hava şəraiti, sezonun dəyişməsi, həm bayramlar, həm də ölkədəki siyasi vəziyyət ola bilər. Ona görə də biz ortalama gün ərzində televiziyaya baxan insanların sayından danışacağıq”. İradə Sultanova 2023-cü ilin ilk 3 ayı ərzində ümumi olaraq televiziyaya baxan insanların sayı haqqında məlumat verib: “Son 3 ay ərzində ümumi olaraq televiziyaya 6 029 000 insan baxıb”.

Günel Məmmədova 


Paylaş
Şərh əlavə et