Tibb tarixində bir neçə mühüm hadisə cərrahların öz üzərlərində cərrahiyyə əməliyyatları aparmaları ilə bağlıdır. Ekstremal şəraitlərdə məcburiyyət qarşısında özlərinə müdaxilə edən bu cəsur həkimlər böyük maraq doğurur.

Məsələn, 1961-ci il aprelin 30-da rusiyalı ümumi praktika həkimi Leonid Roqozov Antarktikadakı Sovet Novo-Lazarevskaya Araşdırma Stansiyasında iltihablanmış appendisitini öz əməliyyatı ilə xaric edib Bu əməliyyat xəstəxana mühitindən kənarda həyata keçirilmiş ilk uğurlu öz-özünə appendektomiya hesab olunur.
Əməliyyatdan əvvəl Roqozov gündəliyində yazırdı: “Dünən gecə heç yatmadım. Ağrı bir şeytan kimi! Qarıldayan çovğun ruhumu qırmanclayır... Tək çıxış yolum barədə düşünməliyəm: öz üzərimdə əməliyyat aparmaq. Demək olar ki, qeyri-mümkündür, amma geri çəkilməməliyəm”.
Kəsik etməzdən əvvəl Roqozov lokal anesteziya üçün prokain iynəsi tətbiq edib və güzgüdən istifadə edərək əməliyyatı həyata keçirib.
"Güzgü kömək edir, amma eyni zamanda çətinlik yaradır – hər şey tərs görünür”.
Əməliyyat təxminən iki saat davam edib və Roqozov tam sağalıb. Öz üzərində apendektomiya edən başqa məşhur şəxs isə amerikalı cərrah Evan O'Neill Keyn idi. O 15 fevral 1921-ci ildə lokal anesteziyanın effektivliyini daha yaxşı başa düşmək üçün öz appendisitini çıxarıb.
1999-cu ildə amerikalı həkim Cerri Nielsen Amundsen-Scott Araşdırma Stansiyasında çalışarkən şübhəli bir süd vəzi şişinə biopsiya etmək məcburiyyətində qalıb.
2000-ci ildə isə tibbi təhsili olmayan meksikalı İnes Ramirez mətbəx bıçağı ilə öz üzərində uğurlu bir qeysəriyyə əməliyyatı edib. Əvvəlki hamiləliyi döl itkisi ilə nəticələndiyindən ehtiyatlı davranan Ramirez 12 saat davam edən şiddətli ağrıların döl ilə bağlı problem olacağından ehtiyat edib. Əməliyyatdan sonra həm ana, həm də körpə tam sağalıb.
Mənbə: drozdogan.com
Tərcümə etdi: Xavər Məmmədli
