Bu gün:

Süni İntellektlə demensiyanın erkən diaqnozu


Şotlandiyalı alimlər demensiyanın erkən əlamətlərini aşkarlamaq üçün süni intellekt aləti hazırlayırlar. Bu texnologiya adi optik müayinələrdə çəkilən retina şəkillərindən istifadə edərək beyin sağlamlığı ilə bağlı ipuçları təqdim edir.

Edinburq Universitetinin rəhbərlik etdiyi "NeurEYE" komandası 1 milyona yaxın göz skanı toplayaraq unikal bir məlumat bazası yaradıb. Bu məlumatlar əsasında süni intellekt alqoritmi hazırlanıb və göz damarlarının sağlamlığı analiz edilərək neyrodegenerativ xəstəliklərin erkən diaqnostikası mümkün ola bilər.

Professor Baljean Dhillon deyir: “Retina beynimizin sağlamlığı üçün bioloji göstəricidir. Sadə bir şəkil gələcəkdə beyin dəyişikliklərini proqnozlaşdıra bilər”.

Demensiya beynin fəaliyyətinə mənfi təsir edərək yaddaş itkisi və danışıq problemlərinə səbəb olur. Erkən diaqnostika xəstələrə daha tez müalicə və ailələrə gələcəyə hazırlaşmaq imkanı verir.

Tədqiqatçılar texnologiyanın prototipini bu il təqdim etməyi və 2026-cı ildə geniş tətbiqini planlaşdırır. Müntəzəm göz müayinələri həm göz, həm də ümumi sağlamlıq problemlərini erkən aşkar etmək üçün vacibdir.

Mənbə: BBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et