Bu gün:

Saturnun halqaları neçə yaşındadır?


“Science Advances” jurnalında dərc olunan bir qrup astronomun son məqaləsinə görə, Saturnun halqalarının yaşı 400 milyon ilə qədər ola bilər.

Saturnun yaşı təxminən 4,5 milyard ildir. Planeti əhatə edən parlaq halqaların meydana gəldiyi zaman onilliklər ərzində elmi müzakirələrin mövzusu olmuşdur. Bəzilərinə görə, halqalar Saturnun özü qədər köhnə ola bilər, bəzilərinə görə isə halqalar nisbətən yaxınlarda yaranıb.

Dr. Sacha Kempf və həmkarlarının bu yaxınlarda apardıqları araşdırma halqaların Saturnun özündən çox daha gənc olması fikrini dəstəkləyir.

Saturnun halqalarının Yupiter, Uran və Neptun halqalarından qat-qat parlaq olmasının əsas səbəbi onların, əsasən, buzdan ibarət olmasıdır. Bir çox irili-xırdalı buz parçaları üzərinə düşən işığın böyük hissəsini əks etdirir və halqaların parlaq görünməsinə səbəb olur.

Buz parçalarının parlaqlığının azalmasına səbəb olan amillərdən biri də halqaların üzərinə düşən tozdur. Kosmosdan gələn irili-xırdalı toz parçaları buzu örtərək onun solğunlaşmasına səbəb olur. Daha təmiz buz parçaları daha parlaq, daha çirkli buz parçaları isə daha solğun olur.

2004-2017-ci illər arasında Saturn ətrafında dövr edən Cassini kosmik gəmisi də toz ölçmələri aparıb. Dr. Kempf və başqalarının halqaların yaşı ilə bağlı təxminləri də tozun buz parçaları üzərində nə qədər tez yığıldığını ölçmələrinə əsaslanır. Tədqiqatçılar buz hissəciklərinin parlaqlığını ölçərək onların üzərində nə qədər toz yığıldığını hesablayıblar və Cassininin toz ölçmələrindən əldə edilən məlumatlardan istifadə edərək buz hissəcikləri üzərində bu qədər tozun yığılmasının nə qədər vaxt aparacağını hesablayıblar. Nəticələr göstərir ki, Saturnun halqalarının yaşı 400 milyon ilə qədər ola bilər.

Son araşdırma, əslində, Saturnun yaşı ilə bağlı mübahisələrə son qoymur. Elmi araşdırmalar Saturnun atmosferinə toz yağdığını göstərir. Bu tozların bir mənbəyi Saturnun halqaları ola bilər. Bu gün naməlum bir proses halqaların təmizlənməsinə səbəb olarsa, üzüklərin yaşı Kempf və digərlərinin təxmin etdiyindən xeyli yüksək ola bilər.

Mənbə: Bilim Genç

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et