Bu gün:

Ağrıkəsicilər ağrını necə dəqiq tapır və aradan qaldırır?


Bədənimizdə bütün proseslər müəyyən qaydalar çərçivəsində işləyir və burada hüceyrə səthindəki zülallar mühüm rol oynayır. Ağrıkəsicilər yalnız doğru zülallarla bağlanaraq təsir göstərir. Bu bağlanma prosesində əsas faktorlar molekulyar forma uyğunluğu və elektrik yüküdür. İndi bu prosesi daha ətraflı araşdıraq.

Bədənimizdəki hüceyrələrin səthində yüzlərlə, hətta minlərlə zülal yerləşir. Bu zülallar atomların kompleks şəkildə birləşməsi nəticəsində yaranan molekullardır və hər birinin özünəməxsus forması mövcuddur. Eyni zamanda, ağrıkəsicilərin tərkibindəki kimyəvi maddələr də fərqli formalara malikdir. Burada isə “açar və kilid” prinsipi işə düşür. Dərman molekulları bir açar kimi davranır və yalnız formaca uyğun gəldiyi spesifik zülallarla (kilidlərlə) bağlana bilir.

Ağız yolu ilə qəbul edilən ağrıkəsicilər qana qarışdıqdan sonra bədənin hər tərəfinə yayılır. Lakin maraqlıdır ki, dərman molekulları təsadüfi olaraq hər hansı bir hüceyrəyə bağlanmır. Bunun səbəbi hüceyrə səthində fərqli zülalların olmasıdır.

Ağrıkəsicilərin tərkibindəki kimyəvi maddələr yalnız uyğun zülala malik hüceyrələri tapana qədər axtarışını davam etdirir. Bu, dərmanın yalnız lazımi bölgəyə təsir göstərməsini təmin edən incə bir “bioloji hədəfləmə” prosesidir.

Bu prosesdə yalnız molekulların forması deyil, elektrik yükü də mühüm rol oynayır. Dərman molekulları və zülalların bağlanma sahələri adətən zidd elektrik yükünə malikdir ki, bu da onların bir-birinə cəzb olunmasını təmin edir.

Beləliklə, ağrıkəsici molekul bədəndə dolaşaraq doğru zülalı tapır və bağlanma baş verdikdə, təsir göstərməyə başlayır. Nəticədə, ağrı hissi tədricən azalır.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et