Beynəlxalq Data Korporasiyasının məlumatına görə, smartfon istifadəçilərinin 80%-dən çoxu oyandıqdan sonra ilk 15 dəqiqə ərzində telefonlarına baxmaq vərdişinə sahibdir. Bir çox sorğu və araşdırmalar göstərir ki, səhər oyandıqdan dərhal sonra telefondan istifadə beynə və insanların ümumi sağlamlığına ciddi mənfi təsir göstərir.
Həddindən artıq telefon istifadəsi artıq beynimizə müxtəlif yollarla təsir edir. Səhər oyandıqda ilk olaraq telefondan istifadə etmək yuxudan ayılan kimi beynimizə verdiyimiz zərərin başlanğıcıdır. Bu səbəblərə görə səhər oyanan kimi telefondan istifadəni tərgitməliyik:

1. Beyin fəaliyyətinə təsir
Beynimizdə üç fəaliyyət mərhələsi var: alfa, teta və beta dalğaları. Dərin yuxuda olan zaman beyniniz delta dalğalarından teta dalğalarına keçir. Daha sonra isə oyanıb rahatladığınızda alfa dalğaları istehsal edir.
Stimullaşdırıcı məzmun təbii oyanış keçidini poza bilər. Bu, alfa dalğalarını azaldır və rahatlıqla yanaşı mental aydınlığı da zəiflədir.
2. Narahatlıq və stress
Səhər telefona baxdığımız zaman iş e-mailləri və sosial media bildirişləri dərhal stress və narahatlıq yarada bilər. Oyanar-oyanmaz xəbər başlıqları və ya sosial media paylaşımlarını oxumaq günün qalan hissəsi üçün narahatlıq və stressə səbəb olaraq əhvalımıza mənfi təsir edə bilər.
3. Yuxu dövrünü pozur
Səhər oyandıqdan dərhal sonra telefondan istifadə etmək bioloji saatımıza təsir göstərə bilər. Bioloji saat (sirkadiyan ritm) 24 saatlıq dövr ərzində fiziki, zehni və davranış dəyişikliklərini tənzimləyir. Bu ritm ətraf mühitdəki işığa və qaranlığa cavab verir və gün ərzində yuxu-oyanma dövrünü idarə edir.
4. İşlərimizi təxirə salmağımıza səbəb olur
Bu asılılıq işlərimizi təxirə salmağa gətirib çıxarır. Enerjimiz azalır və işləmək istəyini hiss etmirik. Bunun nəticəsində məşqimizi və ya səhər yeməyimizi qaçırmaq ehtimalımız artır. Əsas və gündəlik işlərimizə fokuslanmaq əvəzinə sosial mediada vaxt keçirməyimizə səbəb olur.
5. Görmə qabiliyyətini zəiflədir
Gözlərimizi yormaq görmə qabiliyyətimizi zəiflədir. Həddindən artıq telefon istifadəsi, xüsusilə səhər oyandıqdan dərhal sonra, gözlərimizə daha çox gərginlik gətirə bilər. Səhərlər gözlərimiz hələ işığa uyğunlaşır. Bu, gözlərin quruluğuna, yanma hissinə və baş ağrılarına səbəb ola bilər.
Mənbə: blog.sleepyhug.in
Tərcümə etdi: Arzu Qafarova
