
Filmlərin və serialların qəhrəmanları tez-tez xüsusi parça maskalarında yatırlar və bu, lüks əlaməti deyil, tamamilə ağlabatan bir həlldir - ən azı elm adamları bunu etməyi tövsiyə edir.
Qısaca desək, maska ilə yatmaq işığın retinaya çatmasının qarşısını alır, bu da melatonin hormonunun istehsalını təşviq edir. Bu, yuxunun keyfiyyətindən məsul olan əsas hormondur.
Melatonin gecə və gündüzün dəyişməsi ilə bağlı canlı orqanizmlərin ritmlərini tənzimləyir. Yəni bu hormon bədənə nə vaxt istirahət etmək lazım olduğunu bildirir. Melatonin 1958-ci ildə Yale universitetinin professoru Aaron Bunsen Lerner tərəfindən kəşf edilib. Daha sonra tədqiqatçılar sübut ediblər ki, melatonin istehsalı günün və mövsümün vaxtından asılıdır: gecələr onun qanda konsentrasiyası gündüzdən, qışda isə yaydan daha çox olur. Ətrafda nə qədər az işıq varsa, bir o qədər çox melatonin istehsal olunur və tam qaranlıqda zirvəyə çatır.
Əgər bədən kifayət qədər melatonin istehsal edərsə, o zaman yuxu dərin, sağlam və keyfiyyətli olacaqdır. Buna görə həkimlər elektronik qurğuları yatmazdan bir neçə saat əvvəl kənara qoymağı məsləhət görürlər ki, ekrandan gələn işıq melatonin istehsalına mane olmasın. Yaşla bu funksiya azalır və melatonin azalır, bu səbəbdən yaşlı insanların yuxu müddəti daha qısa olur və yuxusuzluqdan daha çox əziyyət çəkirlər. Zamanla alimlər aşkar ediblər ki, melatonin təkcə keyfiyyətli istirahət üçün deyil, həm də başqa şeylərdən məsuldur: məsələn, o, güclü antioksidantdır və orqanizmin qocalma prosesini ləngidir.
Yuxu maskası sadə və effektiv işləyir: o, işığı tamamilə bloklayır və bununla da melatonin istehsalını stimullaşdırır. O, yuxunu yaxşılaşdırmağa və ya onu daha dərin və keyfiyyətli etməyə kömək edə bilər. İnsanların çoxu nadir hallarda ideal şəraitdə - yəni tam qaranlıqda yatır və maska məhz belə şərait yaratmağa kömək edir.
Yuxu maskasını necə seçmək olar?
İlk baxışdan maskanın kifayət qədər sadə bir şey olduğu görünür və buna görə də birini seçmək çətin deyil, amma bu belə deyil. Maskanın işinə təsir edə biləcək bir neçə vacib parametr var. Əvvəlcə diqqət etməli olduğunuz şey budur:
1. Material: Dərinin qıcıqlanmasına və allergik reaksiyalara səbəb ola biləcək sintetik materiallardan, eləcə də kobud teksturalı təbii parçalardan - məsələn, kətan və ya boş toxunuşlu pambıqdan qaçın. Üz dərisi ilə təmasda olmaq üçün yalnız ən hamar teksturaya malik parçalar uyğun gəlir - ideal olaraq bu, ən zərif və incə parça kimi təbii ipək olmalıdır.
2. Doldurucu: Doldurucusuz hazırlanan maskalar üzə sıx uyğun gəlmir və doldurucu təbəqə çox qalındırsa, maskada narahatlıq yarana bilər. Maskanın optimal qalınlığı 3 ilə 8 mm arasındadır.
3. Elastik bant: Əksər istehsalçılar maskaların üzərinə adi elastik bant tikirlər. Maskanı yerində yaxşı saxlayır, lakin bir çatışmazlığı var: saçları bir-birinə qarışdırır və zədələyir. Bantın bir parça örtüyündə gizlədilməsi daha yaxşıdır - sonra saçlara təsir minimal olacaqdır.
Mənbə: tkano.ru
Tərcümə etdi: Fatimə Kərimli
