Bu gün:

D vitamini çatışmazlığının 8 səbəbi


D vitamini çatışmazlığı ölkəmizdə bütün yaş qruplarında və cinslərdə rast gəlinən problemdir. Əslində, “günəşləndiyimə və yaxşı yediyimə baxmayaraq, D vitamini dəyərim çox aşağıdır” deyənlərin sayı kifayət qədər çoxdur.

Orqanizm üçün həyati əhəmiyyət kəsb edən D vitamini çatışmazlığı bir çox xəstəliklərlə əlaqələndirilir. Mütəxəssislərin fikrincə, bunlardan bəziləri xərçəng, ürək-damar, autoimmun, yoluxucu xəstəliklər və psixoloji problemlərdir. D vitamini çatışmazlığı olanda uşaqlarda infeksiyalara meyil artır. Daxili Xəstəliklər Mütəxəssisi Prof. Dr. Osman Erk D vitamininin qaynaqlarını, bu vitaminin faydalarını və çatışmazlığına səbəb olan amilləri belə izah edib: 

Bu əlamətlərə diqqət yetirin

D vitamini çatışmazlığında zəiflik, yerimə çətinliyi, sümük ağrısı, saç tökülməsi, baş ağrısı, depressiya, əhvalın dəyişməsi, yuxusuzluq, həddindən artıq tərləmə, arıqlamaqda çətinlik, daimi üşütmə kimi əlamətlər meydana çıxır. Bəzən heç bir simptom göstərməyə bilər.

Niyə bu qədər ümumi problemdir?

Ölkəmizdə ümumi problem olan D vitamini çatışmazlığının səbəblərini aşağıdakı kimi sıralamaq olar:

1- Çağımızın ən çox rast gəlinən xəstəliklərindən biri olan piylənmə D vitamini çatışmazlığına səbəb olur. Çünki yağ hüceyrələri bu vitamini qəbul edir və istifadəsinə imkan vermir.

2- Uzun müddət qapalı yerlərdə olmaq D vitamini çatışmazlığına səbəb olur.

3- D vitamini çatışmazlığının əhəmiyyətli səbəblərindən biri də havanın çirklənməsidir. Çirklənmiş hava D vitamini sintezi üçün lazım olan ultrabənövşəyi şüaların yerə çatmasının qarşısını alır.

4- Tünd dəri rənginə sahib olanlar açıq dəriyə sahib olanlara nisbətən, daha az D vitamini istehsal edirlər. Buna görə də bir az daha günəş vannası qəbul etməlidirlər.

5- Yaş artdıqca dəri daha az D vitamini sintez edir. Bu, qida çatışmazlığı ilə yanaşı, yaşlılarda D vitamini çatışmazlığının ən əhəmiyyətli səbəbidir.

6- Xoralı kolit, Crohn, Dağınıq skleroz (MS) kimi xəstəliklərdə D vitamini çatışmazlığına rast gəlinir.

7- İllərdir istifadə edilən pestisidlər bədəndə D vitamini sintez edən bir fermenti də bloklayır.

8- Vərəm və epilepsiya dərmanlarından istifadə edənlər də D vitamini çatışmazlığı riski altındadır.

Qidalar D vitamini ehtiyacını ödəyirmi?

Heyvan və bitki qidaları D vitamini ehtiyacını ödəyə bilməz. Araşdırmalar göstərir ki, orta hesabla insan D vitamini ehtiyacının yalnız 20 faizini qida ilə alır. Balıq yağı, qızılbalıq, skumbriya, kambala, siyənək, tuna balığı, süd, pendir, yağ, qaymaq, yumurta sarısı D vitamini olan əsas qidalardır.

Mənbə: Sözcü

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et