24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı pediatr Günay Rəsulovadır. O, qış aylarında azyaşlılar arasında yayılma riski olan xəstəliklərdən qorunmağın yolları haqqında danışıb.
- Uşaqları qış aylarında xəstəliklərdən hansı yollarla qorumaq olar?

- Qış aylarında uşaqları xəstəliklərdən qorumaq üçün, əvvəla, mövsümi infeksiyalara qarşı influenza və qrip əleyhinə peyvəndi etdirmək önəmlidir. Xüsusilə, allergiya problemi olan, xroniki xəstəliklərdən əziyyət çəkən, tez-tez xəstələnən uşaqlara peyvənd vurdurmaq çox infeksiyon xəstəliklərin qarşısını alır. İkinci növbədə, gigiyena qaydalarına riayət etmək, tez-tez əlləri yumaq, əlləri səthlərə mümkün olduqca toxundurmamaq gözə, üzə, ağıza vurmamaq, dırnaqları uzatmamaq və bol maye qəbul etmək, vitaminli qidalarla qidalanmaq, vaxtında yatmaq, gündə yuxu ehtiyacını tamamilə qarşılamağa çalışmaq xəstəliklərdən qorunmaq üçün faydalıdır. Bundan başqa, rutin müayinələrdən keçdikdən, analiz verdikdən sonra əskikliklər– qan azlığı, vitamin çatışmazlığı varsa, onları bərpa etmək önəmlidir. Xüsusilə, D vitamin azlığı, kəskin vitamin çatışmazlığı immunitetin zəifləməsinə səbəb olur və bunları müalicə etmək uşağın immunitetini artırmaqda faydalıdır. Mümkün olduqca qapalı məkanlara getməmək, açıq havada vaxt keçirmək, xəstə halda uşaqları kollektivdən uzaq tutmaq qışda çox xəstələnməyin qarşısına alacaqdır.
Nəzri Süleymanova
